Rejissor Bəhram Osmanov Ağakişi Kazımovu qısqanclıqda suçladı

25 Avqust 2012 09:10 (UTC+04:00)
"Yaxşı əsgər general olmaq istəyər. Mən də bununla razıyam. Çünki mən də gənc illərimdə belə bir arzu ulə yaşamışam. Amma mən bu arzumu düz 40 yaşımda ürəyimdən silib atdım". Bunu AzNews.az-a Mədəniyyət və Turizm nazirinin əmri ilə Gənc Tamaşaçılar Teatrına yenicə baş rejissor təyin edilən Bəhram Osmanov bildirib.

B.Osmanovun sözlərinə görə, o, Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilsə də, hələ kollektivə təqdim edilməyib. Rejissor bildirdi ki, hər şey yeni mövsümdə aydın olacaq.

Xalq artisti Ağakişi Kazımovun onun haqqında səsləndirdiyi "Gənc Tamaşaçılar Teatrında indiyə kimi qoyduğu tamaşaların çoxu səs-küy salmayıb. Milli Dram Teatrında hazırladığı tamaşaların əksəriyyəti isə uğur qazanıb" fikrinə münasibəti belə oldu: "Mən Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlayanda hələ çox gənc idim. Düz 23 il orada rejissor kimi işləmişəm. Tamaşalar qurmuşam. Necə olub ki, mən Akademik Teatrda qurduğum tamaşalar uğur qazanıb, amma Gənc Tamaşaçılar Teatrında yox? Bunlar hamısı qısqanclıqdan yaranan şeylərdir. Bir də ki, Ağakişi Kazımov ağsaqqal adamdı. Nə istəyir deyə bilər".

Lalə
AzNews.az