35 yaşı tamam olan Ramil Səfərov - Video

25 Avqust 2012 10:41 (UTC+04:00)

"Ramil özünü qəhrəman hesab etmir. Onun üçün qəhrəman Qarabağ uğrunda şəhid olub, canını verən, sağlamlığını itirən insanlardır. İgid oğlanlar onlardır. Ramil deyir ki, mən heç bir qəhrəmanlıq etməmişəm. Ramil çox sadə bir insandır. Ramil bunu etməyə də bilərdi. Amma kəndir elə bir vəziyyətdə idi ki, qırılma həddində idi". Bu sözləri bir müsahibəsində Ramilin atası söyləmişdi. Ramil özünü qəhrəman hesab etməsə də, öyünməsə də özüylə, bu gün Azərbaycan xalqı onunla fəxr edir. Bir anaya əsl oğul olmağı bacarmaq nə qədər çətinkən, Ramil "Azərbaycanın oğlu" olmağı bacardı. Sadəcə vətəninə sevgisi və qeyrəti ilə! Və bu gün vətəndən uzaqda dəmir barmaqlıqlar arasında olmasından 8 il keçməsinə baxmayaraq, o sevgisiylə yaşayır ürəklərdə. Nə qədər ki, 77 nəfəri öldürən canini 21 il, Ramili ömürlük azadlıqdan məhrum edən dünya ədaləti "gözünü açmayacaq", o qədər də hər bir azərbaycanlı ürəyi onunüçün yanıb-alışacaq. Heç vaxt ümidini itirmərək bugünkü günü-qəhrəmanının dünyaya göz açdığı günü vətənində qeyd edəcəyi anı gözləyəcək...

Bəli, bu gün Ramil Səfərovun anadan olduğu gündür. 35 yaşı tamam olur Ramilin. Adətən hər bir şəxs özünün və ya ona yaxın olan şəxsin doğum günü həyəcanını, sevincini yaşayır. Ancaq bu gün özünü azərbaycanlı hesab edən hər bir insan sözün əsl mənasında Azərbaycan vətəndaşının-Ramilin doğum gününü yad edir. Ancaq təssüf ki, o sevinci yaşaya bilmir...

Bir daha Ramili vətənindən ayıran o hadisəyə geri dönək. 19.02.2004-cü il… 8 il öncə Azərbaycan, Ermənistan və Macarıstan gözlənilməz bir xəbərlə silkələndi. Bu hadisənin ən gözəl təhlilini verən elə Azərbaycan ordusunun zabiti Ramil Səfərov özü olub: "Mən, Qurgeni erməni olduğuna görə qətlə yetirsəydim, Azərbaycanda yaşayan on minlərlə ermənidən ya da Türkiyədə 10 il müddətində yaşadığım dövrdə orada olan ermənilərdən başlayardım. Qurgeni millətimi, bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm".

Ramil 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözlərilə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixologiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

Ramil bu gün bir çox məhrumiyyətlər içəsirindədir. Ancaq o sınmayıb...Bu sınaqlarda ən layiqli formada davranan elə onu özü oldu. Qürbət zindanda belə sınmayan, monoton həyatını zənginləşdirməyə çalışan, yeni keyfiyyətlərini üzə çıxaran Ramil azadlıqda belə çox insanın edə bilmədiyini edib. O nəinki Macar dilindən Azərbaycan dilinə əsərlər tərcümə edən ilk şəxs kimi, həm də bunu edən ilk azərbaycanlı hərbçi kimi tarixə düşdü. Zəncirlər bir insanın əllərini, ayaqlarını qandallaya bilər, tikanlı divarlar insanı müəyyən bir mühitdən məhrum edə bilər amma onun ruhunu, mənəviyyatını, dünyaya baxışını, yaradıcılığını və hisslərini məhdudlaşdıra bilməz.

Sən Azərbaycanın qürur yerisən, Ramil! Doğum günün mübarək! Allah səni vətəninə bağışlasın!



Sevinc Fədai
Aznews.az