Müsavatın devizlərini hazırlayan şəxs həlak oldu - Yenilənib

25 Avqust 2012 11:07 (UTC+04:00)
Müsavat Partiyasına və demokratik düşərgəyə böyük itki üz verib. Müsavat Məclisinin üzvü Aydın Acalov bir saat əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə xəbər musavat.com-a mərhumun yaxın dostlarından çatıb.

Bildirilir ki, fəlsəfə doktoru Aydın Acalov Müsavat Partiyasının departament rəhbəri, İctimai Palatanın Regional Təşkilat komitəsinin üzvü idi. Avtomobil qəzası Hökməli dairəsinin yaxınlığında baş verib - "KamAZ" markalı yük maşını Aydın Acalovun idarə etdiyi avtomobilin üstünə çıxıb. Acalovun cənazəsi hazırda Yasamal morqundadır.

Onu da qeyd edək ki, mərhum 2010-cu ildə Müsavat və AXCP-nin yaratdığı seçki blokunun loqotipinin, eləcə də partiyanın bir sıra seçki şüar və devizlərinin müəllifi idi.

Allah rəhmət eləsin!

**
Hadisə ilə Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Müşfiqabad qəsəbəsinin ərazisində "KamAZ" markalı yük maşını ilə "Mitsubishi Pajero" markalı minik avtomobili toqquşub. "Mitsubishi Pajero"nun sürücüsü ölüb. Partiyadan ölən sürücünün A. Acalov olduğu bildirilib.

AzNews.az