Azərbaycanda ermənilərə işləyən şəxslər ifşa olunub - Rəsmi

5 Mart 2014 10:05 (UTC+04:00)
"2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub".

Modern.az saytının xəbərinə görə, bu məlumat Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Biildirilib ki, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinim əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb. Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib.

Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub.

Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib.

Keçirilən digər əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partkayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terro-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin isıntaqı aparılır.

AzNews.az