Vəhhabi məscidi dövlət qeydiyyatına alındı

5 Mart 2014 13:35 (UTC+04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yeni yaradılmış dini icmanı dövlət qeydiyyata alıb və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni rəsmi imam təyin edilib.

Bu barədə APA-ya DQİDK-nın mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, vaxtilə xarici humanitar təşkilat kimi fəaliyyət göstərən qurumun maliyyə dəstəyi ilə inşa edilmiş məscidin 1998-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış köhnə dini icması bu yaxınlarda özünü buraxıb və Dövlət Komitəsi tərəfindən dövlət reyestrindən çıxarılıb. Bundan sonra məsciddə yeni dini icmanın formalaşdırılması məqsədilə qəsəbənin dindar sakinlərindən ibarət təşəbbüs qrupu yaradılıb, icmanın təsis yığıncağı keçirilib və dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər Dövlət Komitəsinə təqdim olunub. Dini icmanın rəsmi müraciətini və QMİ-nin təqdimatını nəzərə alaraq, icma DQİDK-da qeydiyyatına alınıb. Eyni zamanda, QMİ yeni dini icmanın formalaşdırılmasını və icmanın müraciətini nəzərə alaraq, "Dini etiqad azadlığı haqqında" qanuna uyğun məscidə rəsmi imam təyin edib.

Yeni icmanın martın 1-də keçirilmiş ümumi yığıncağında dini icmanın sədri İrşad Süleymanov və təyin edilmiş rəsmi imam Şaiq Əliyev məscid dindarlarına təqdim olunub.

Yığıncaqda qeyd edilib ki, bundan sonra məscidin fəaliyyəti dini icmanın dövlət qeydiyyatına alınmış Nizamnaməsinə uyğun tənzimlənəcək. Belə ki, Nizamnaməyə əsasən məzhəbindən asılı olmayaraq, bütün dindarların məsciddə ibadət etməsinə şərait yaradılacaq, camaat namazları və cümə xütbələri isə yalnız rəsmi təyin olunmuş imamın rəhbərliyi ilə həyata keçiriləcək.

Komitədən o da bildirilib ki, vəhhabi cərəyanının nümayəndələri köhnə icmanın fəaliyyətsizliyindən istifadə edərək, Müşfiqabad məscidini uzun müddət idi ki, qeyri-qanuni şəkildə faktiki olaraq öz nəzarətləri altına almışdırlar.

Qeyd edək ki, məsciddə fəaliyyət göstərmiş köhnə icma və keçmiş imam Mübariz Qaçayev azərbaycanlıların Suriyaya döyüşlərə göndərilməsinin təşkilində də ittiham olunur.

AzNews.az