Azərbaycandan kənarda döyüşənlərlə bağlı qanunlar sərtləşdirilir - VİDEO

5 Mart 2014 19:56 (UTC+04:00)
Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişikliklər vuruşmaq üçün Suriyanı seçən azərbaycanlıların özlərini seçim qarşısında qoyacaq. Belə ki, Azərbaycandan kənarda silahlı münaqişələrdə iştiraka görə cəzalar sərtləşdirilir.

Cinayət məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliklər və daha bir əlavə maddənin məcəlləyə daxil edilməsi hələlik Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Layihənin plenar iclasda müzakirəsi isə yaxın vaxtlarda gözlənilir. Bəs dəyişikliklər özündə nəyi ehtiva edir?

Millət vəkili Çingiz Qənizadə deyir ki, Cinayət Məcəlləsinin 114-cü maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadəyə görə də cəzalar artırılıb 8 ildən 12 ilədək olacaq. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə cəza 9 ildən 15 ilədək nəzərdə tutulur.

Xatırladım ki, bu gün Suriyada döyüşən azərbaycanlıların sayı ilə bağlı rəsmi statistika yoxdur. Amma nəzərə alsaq ki, Suriyada öldürülən azərbaycanlıların sayının 100-dən artıq olması ilə bağlı məlumatlar var, onda ümumi mənzərə aydındır. Aydın olmayan isə cinayət məcəlləsinə edilən bu dəyişiklikdən sonra adamların yenə də bu riskə gedib-getməyəcəkləridir. Hər halda, Azərbaycandan kənarda döyüşən muzdlularla bağlı ölkədə son illərdə kiminsə cəzalandırılması təcrübəsini inanmıram ki, kimsə xatırlasın. Amma bu o demək deyil k, belə bir təcrübə yoxdur. Məsələn, bu xüsusda ən səs-küylü məhkəmə prosesi 2001-ci ildə olub. Kənan Şabanov və dəstəsi Rusiyaya qarşı vuruşan çeçen mücahidlərinə kömək etməkdə günahlandırılmışdılar və 14 nəfərdən ibarət bu dəstənin üzvləri törətdikləri cinayətə uyğun olaraq müxtəlif maddələrlə dəmir barmaqlıqlar arasına göndərildi. Zənnimcə, bu, döyüşmək üçün Suriyanı-filanı seçənlərə həm də bir dərs olmalıdır.




AzNews.az