Ramiz Novruz: “Teatrlarımızda itin qabağına ot, atın qabağına yal qoyurlar”

25 Avqust 2012 18:15 (UTC+04:00)

Tanınmış bəstəkar Vüqar Camalzadə "Xəzər" televiziyasında yayımlanan "Həyat varsa" teleserialının çəkiliş proseslərindən danışarkən aktyorların ünvanına ağır ittiham səsləndirib: "Azərbaycanda böyük aktyor potensialı yoxdur deyə, istedadlı aktyorlar tapmaq çətindir".

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Ramiz Novruz isə AzNwes.az-a açıqlamasında V.Camalzadəni cavabsız buraxmadı: "Mən Vüqar Camalzadədən bunu gözləmirdim. Ümumiyyətlə, yaradıcı adam istedadsız sözünü işlətməməlidir. Bu aktyorlar barəsində tələsik deyilən və qeyri-peşəkar bir fikirdir.

Bu gün acınacaqlı bir tendensiya yaranıb. Kimə mikrofon, tribuna verilirsə, futbol və teatrdan danışır. Belə çıxır ki, bu sənəti bizdən savayı hamı bilir. Biz aktyorlar isə teatra elə-belə, gün keçirmək üçün gəlirik. Adama deyərlər ki, teatr barəsində belə istedadlısansa gəl bizimlə səhnə paylaş. Bizim bir bəlamız var, o da peşəkar və istedadlı rejissorun olmamasıdır. Belə bir məsəl var, "atın qabağına yalı, itin qabağına otu qoyanda əlbəttə inkişaf və istedad olmayacaq. Bu gün Azərbaycan teatrı belə prinsiplə işləyir. Əgər istedadlı rejissor olsa, aktyorlarda öz yerində olar, hələ bəstəkarlarda. Bir də ki, bizdə hələ teleserial məktəbi yetişməyib".

Lalə
AzNwes.az