Himayəli yetim

6 Mart 2014 11:09 (UTC+04:00)
Krım gərginliyindən bir müddət sonra Ukrayna siyasətçiləri və xalqın əhəmiyyətli hissəsi siyasi bəyanat olaraq səsləndirməsələr də, bir-birinə yavaşca pıçıldayacaqlar: "Putin bizim xilaskarımızdır". Necə ki, biz indi az qala müasir dövlətimizin mövcudluğuna, qaranlıq İran arealından qurtulduğumuza görə Türkmənçay müqaviləsinə nifrətimizi necə yumşaltmışıqsa, onlar da bir azdan bu nifrəti beləcə yumşaldacaqlar.

Maydan inqilabı əslində bu ölkəni düşüncə və idarəçilik anlayışı baxımından parçalamışdı. Küçədə və meydanda müəyyən olunan siyasət konturları insan hislərinin ağlı necə üstələməsini təsdiqləyən birinci və sonuncu nümunə sayılmaz. Üstəlik, bu hərəkat 91 nəfərin ölümünə səbəb oldu. İnsan faciəsi üzərindən başlayan yeni nə varsa, özü ilə kədərlə yanaşı, həm də acımasız bir kin də daşıyır. Üç ayın iqtisadi tənəzzül bilançosu da işin üzərinə əlavə edilərsə, özlüyündən bir ərazi genişliyi və əhali çoxluğu olan zəif düşmüş ölkə bir tərəfdən Rusiyanın, digər tərəfdən Avropa Birliyinin dilənçi payına möhtac vəziyyətdə idi.

Avropanın bürokratik mexanizmləri Ukraynanı iqtisadi paketlərlə yükləyib, siyasi sabitlik tələb edərək kisəsindən pulu çıxarana qədər Ukraynada bir neçə hakimiyyət dəyişəcəkdi. Regionlarda Rusiyanın barmağı sosial narazılıq fonunda daha yaxşı işləyəcəkdi, "Qazprom"un Nazpromları isə Ukraynanın siçanların gətirdiyi qızılların ümidinə qalan büdcəsində hər dəfə bir dəlik saxlayacaqdı. Artıq Xalq Nəzarət orqanına çevrilən Maydan küçə qəhrəmanlarına siyasət fürsətçilərindən daha rahat və çevik qərar qəbul etmə şansını qazandırmışdı. Maydan siyasəti öz pafos və qələbə eyforiyasına tabe etdirmək iddiasını bəyan etmişdi. Bu vaxt Allah Ukrayna üçün Putin adında Merkelin dediyi başqa dünyadan bir xilaskar göndərdi. Putin Ukrayna xalqı və dövləti üçün iki inanılmaz səddin aşılmasına yardım etdi. Ukrayna ABŞ və Avropa Birliyinin tam himayəsini və dəstəyini qazandı. İkincisi, Ukrayna cəmiyyətini sosial narazılıq fonunda başlanacaq xaosun yanından keçirərək, dövlət müstəqilliyini qoruma duyğusunu qazandırdı. Qısacası, Putin öz xarici təcavüz hədəsi ilə ölkəni birləşdirdi və Rusiya qorxusu bu ölkənin bundan sonra da iç bütünlüyünün təminatına çevrilmiş oldu.

O fikirdə deyiləm ki, dünyanın təzyiqi rus hərb maşınını hədəfindən yayındırmayacaq və Putinin özündən müştəbeh fürsətçiliyinin davamına dirəniş göstərilməyəcək. Bu hadisələr dahi bir siyasətçidən daha çox dahi bir fürsətçinin anı dəyərləndirərək Gürcüstan ərazisinə soxulduğu qaydada və üslubda Ukraynanın Krım yarımadasına soxulması kimi qiymətləndirilməlidir. Fürsətçilik siyasətin kiçik bir detalıdır, ancaq siyasətin başqa detallarını gözardı edənlər böyük siyasətin aparıcısı olacaq qədər özlərini təsdiq edə bilmirlər.

Hər kəsə aydın idi: yaponlar Kuril adalarına necə baxırsa, Rusiya da Krıma illərdir eləcə baxırdı. Bu, Rusiyanın Krımı qoparmaq üçün əslində son şansı idi və bütün imkanlarını, hesablarını yanlış proqnozlaşdırdı, evdəki hesabı bazara uyğunlaşdıra bilmədi. Burada xüsusilə iki faktoru Putin ciddiyə almadı. Birincisi, eks baş nazir Timoşenkonun söylədiyi kimi, bu, Ukraynaya qarşı deyil, birbaşa ABŞ və Böyük Britaniyaya qarşı savaşa başlamaqdır. Çünki 1995-ci il Budapeşt anlaşmasının əsas mahiyyəti bu idi ki, nüvə arsenalını təhvil verən Ukraynanın ərazi bütövlüyünün təminatını birbaşa bu dövlətlər öz üzərinə götürürdü. Bu, ilk növbədə ABŞ və Böyük Britaniyanın nüfuz və imic məsələsi sayılırdı. İkincisi, Avropa Birliyini birdən-birə 1939-1945-ci illərin Hitler-Stalin qoxusu bürüməyə başladı və hətta Rusiya ilə gizli qaz sövdələşmələri olan ölkələr belə qazın istisindən çox savaş dövrünün qaz kameralarını göz önünə gətirməyə başladılar və yeni Hitlerin böyüməməsi üçün masaya hər cür maddi vəsait tökməyə başladılar…

Putinin hesablamadığı bir amil də var. Rusiya dövlətinin savaşmaq istədiyi Ukrayna dövləti var, ancaq rus xalqının savaşmaq istədiyi xaxol dedikləri bir slavyan xalq yoxdur. Bu müsəlmana, yəhudiyə qarşı savaş deyil ki, hansısa mənəvi-siyasi əsaslandırması olsun. Əlbəttə, on günə heç nə baş verməyəcək, Putin də hakimiyyətinin sonuna qədər yerində qalacaq. Ancaq öz hüdudlarından o tərəfə dişi çəkilmiş bir Rusiyanı mütləq görəcəksiniz. Bu hadisələr NATO-nun bütün uc məntəqələrinin, o cümlədən Türkiyənin rolunu ciddi şəkildə qaldıracaq. Soyuq savaş illərində olduğuna bənzər. Bu rolu götürə biləcək Türkiyənin olub-olmayacağı sual altında.

Qərb üçün Krım məsələsi oldu-bitdi deyil. Ancaq Rusiyanı ağıllandırmaq üçün Krım məsələsinin həllinin məqsədyönlü şəkildə uzadılması ehtimalı böyükdür. Ancaq bu bulanıq dövrdə Krım tatarları yeni bir köç dalğasını yaşamalı olacaqlar. Bundan sonra Krım Rusiya üçün baş ağrısı, Ukrayna üçün isə ürək ağrısı olacaq. Rusiya Krımı nikahdankənar uşaq kimi gizlənərək saxlayacaq, Ukrayna isə başqasının himayəsində yaşamağa məcbur buraxdığı öz övladı kimi baxacaq. Necə ki, biz Qarabağa o cür baxırıq. Ancaq Ukraynadan fərli olaraq, biz daha himayəsiz yetimik...

AzNews.az