“Ramil Səfərovun taleyi Qarabağın taleyi kimidir”

25 Avqust 2012 18:55 (UTC+04:00)


Bu gün Macarıstanın Kozma həbsxanasında ömürlük həbs cəzası çəkən zabitimiz Ramil Səfərovun doğum günüdür. O, 1977-ci il avqustun 25-də Cəbrayıl rayonunda doğulub. Qəhrəman zabitimizin doğum günü üçün ölkəmizin tanınmış xanımlarının münasibətini öyrənməyə çalışdıq.

Aynur Camalqızı, "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru:

- Ramil Səfərov mənim ürəyimdə bir sızıltıdır. Ramil Səfərovun taleyi mənim nəzərimdə Qarabağın taleyi kimidir. Yəni Qarabağ nə qədər talesizdirsə, nə qədər ağır gündədirsə, düşünürəm ki, Ramil də elə o qədər talesizdir, o qədər ağır vəziyyətdədir-həbsxanadadır. Düşünürəm ki, bir tərbiyəli, intellektual gənc üçün bundan arzuolunmaz heç nə ola bilməz. Ramil əxlaqlı, tərbiyəli, bilikli bir Azərbaycan gəncidir. O, öz intellekti, tərbiyəsi, əxlaqı ilə Azərbaycan xalqının sərvətidir. Çox arzu edirəm ki, bütün azərbaycanlılar, xüsusən qadınlar, analar hər gün, hər yadlarına düşəndə Ramil üçün dua eləsinlər. Allah bu duaları eşidəcək və Ramil azadlığa buraxılacaq.

Əslində Ramilin bu gün həbsxanada yatması çox böyük ədalətsizlikdir. Xocalı faciəsini törədən canilər, qatillər azadlıqda gəzir, Xocalı soyqrımını törətdiyini fəxrlə Avropa Şurasının tribunasından bəyan eləyən Köçəryan, Sərkisyan, Ohonyan azadlıqdadır, amma Ramil kimi bir gənc həbsxanadadır. Bu gerçəkdən böyük ədalətsizlikdir. Bəlkə də bu qanunda tətbiq olunmayıb. Amma məncə, onu həbs edən dövlət də düşünməlidir ki, o, həbsdə olduğu müddətdə özünü normal şəkildə aparıb, macar dilini səlis şəkildə öyrənib və ana dilimizə macar dilindən bir neçə kitab tərcümə edib. Onun azadlığa çıxması üçün hər bir azərbaycanlı, QHT-lər, KİV, dövlət qurumları, siyasi təşkilatlar olaraq var gücümüzlə çalışmalıyıq. Mənə elə gəlir ki, Ramili azad etməyə gücümüz çatar, sadəcə, buna istək olmalıdır.

Mehriban Ələkbərzadə, rejissor: "Ramil... bizə bir millət kimi edilənlərin dözümündən doğan ÜSYANdır"

- Ramil Səfərova qəhrəman desəm, birinci buna o, özü inciyər. Çünki onun necə əxlaq sahibi olmasını təxmin etmişəm. O qəhrəmanlıq etməyi... özü də döyüş meydanında (buna onun bütün imkanları... həm mənəvi, həm də fiziki imkanları vardı və var ) göstərmək imkanı olduğu halda, türklüyündən doğan çılğınlıq onu çaşdırıb. Əslində, o... hisslərinə hakim ola bilməyən çılğın və vətəninin, millətinin namusunu unutmayan qan qardaşımdır. Mənə görə... Ramil ...bizə bir millət kimi edilənlərin dözümündən dogan ÜSYANdır.

Ramil mənim qardaşım ola bilər. Ramil kimi qardaşı sevməmək mümkün deyil... Əgər həyatımda onun kimi kişi olsa... buna təbii sevinərdim.

Macarıstan qanunları ilə və hər yerdə tüğyan edən erməni israrı ilə hesablaşmamaq-indiki durumda qeyri-ciddi münasibət olar. Bilirsiniz... qanunlar deyilən bir məfhum var. Qəribədir ki, onu pozmaq olmaz... amma yanından ötmək olardı. Görünür, ötmək də olmadı. Amma mən onun həmvətənlərinin onu geri almaq üçün nə qədər çaba göstərdiyini təxminən bilirəm. Fəxr etdiyim də budur ki, ölkəsi və milləti onu yadlar içində və özgələr əlində qoymur. Ramil bizimdir- deyə sahib çıxdılar. O, bizimdir-hamımızın.

Erməni fəallığı və dünyanın onlara "tərəfdar" missiyası mənə... təbii ki, həm də sizə bəllidir. Əzizlərim... unutmayaq ki, xaçlı yürüşləri hələ də davam edir. Bu şəraitdə... özü də ermənilər qədər FƏAL və ÇALIŞQAN millətin zaman-zaman etdikləri və bəraətləri hətta Avropa İnsan Hüquqları və s. müstəvisində artıq təəccüblü olmayacaq bir paradoksdur. Biz (Ramil Səfərov üçün) NƏYİ bacardıq... məsələsində, bunu yaxın zamanda görəcəyik, inşallah. ƏMİNƏM ki, Ramilimə yaraşan əməl... Dövlət bayragının şərəfini qoruyaraq... (indi də bu missiya onun adındadır) o erməni yaramazını hamının gözü qarşısında, üzbəüz döyüş və savaş vaxtı öldürsə idi... ona edilən hökmün formasından asılı olmayaraq - O QƏHRƏMAN adlanacaqdı. Bu vəziyyətdə... RAMİL mərd və namuslu türk kişisidir. Sabah adını... məhz Müqəddəs SAVAŞımızda bir qəhrəman kimi yazacağına da inanıram.

Ad günündə ona Allahdan səbr etmək, əxlaqından ayırılmamağı arzu edirəm.

İradə İsaq, "Aznews" saytının direktoru: "Ramil ilə həmsöhbət olmaq istəyirəm"

- Həmin an uçun Ramilin hərəkətləri doğru və təqdirəlayiq idi. Ramil həm yaraşığı, həm də qeyrəti ilə ölkəmizin yaşayan qəhrəmanlarından biridir. Onu nəinki qadınlar, kişilərimiz də olduqca təqdir edir. Təbii, Ramilə haqsızlıq edirlər və nəyin bahasına olur-olsun, onu xilas etməyə nail olmalıyıq, bunu etməsək, bizə ayıb olsun. Ramil də alına bilinməyən Qarabağımıza oxşamasın kaş. Ramilə azadlıq arzu edirəm, təbii. O, peşəkardır, tezliklə öz vəzifəsini icra etsin. Bu gün ad günü olan Ramilə arzularım çoxdur. O, vətəni uçun işləyərək nümunəyə çevrilsin. Özümə isə bir jurnalist kimi Ramil ilə həmsöhbət olmağı arzulayıram.

Səhər Əhməd, şairə: "Məncə, bütün qadınlar xalqının qəhrəmanını sevir"

- Qarabağ müharibəsi nəticəsindən asılı olmayaraq, həm də Azərbaycanın bir qəhrəmanlıq salnaməsi olduğunu təsdiqlədi. Hələ atəşkəs dövründə bizim qürur duyduğumuz bir çox oğullarımız var ki, onlardan biri də Ramil Səfərovdur.

Məncə, bütün qadınlar xalqının qəhrəmanını sevir. İndi Ramilin həbsdə olması Qarabağın işğalda olmasına bənzəyir və hətta deyərdim ki, bir-birinə bənzəyir. Onların azadlığı ayrı-ayrılıqda mümkün deyil, mümkün olsa da faydasızdı. Çünki Ramilin savaşı da Qarabağ savaşının bir parçasıdır. Qarabağı qazanmadan Ramili qazanmaq çətin olacaq. Biz halal torpaqlarımızı necə geri ala bilmiriksə, müharibənin nəticəsində necə haqsızlığa uğrayırıqsa, onunla bağlı bütün məsələlər də belə olacaq, Ramilin ömürlük həbsi kimi.

Doğum günündə Ramilə bütün insanlığın ən çox ehtiyac duyduğu azadlıq arzulayıram. Ramilin üzündəki məğrur ifadəni tez-tez xatırlayıram. Düşünürəm ki, bu oğulu yetirən millət necə məğlub ola bilər? Ramilə azadlıq, azad, qalib gələn bir ölkədə yaşamağı arzulayıram.

Novella Cəfəroğlu, hüquq müdafiəçisi: "Hökumətdən bir xahişimiz var, Ramil Səfərovu vətənə qaytarsınlar"

- Monitorinq qrupunun adından Ramil Səfərovun doğum gününü təbrik edirik. Hökumətdən bir xahişimiz var, Ramil Səfərovun vətənimizə qaytarılmasına kömək etsinlər.

Aysel Əlizadə, yazar: "Ramil Səfərova ömürlük həbs cəzası verilməsi çox böyük ədalətsizlikdir"

- Mən etiraz edə bilən hər kəsi qəhrəman sayıram, o ki qaldı, Ramil Səfərova, onun qarşısında düşmən olub və sözünü deyib. Söz yox, mən Ramildən daha sakit mövqe sərgiləməyi istəyərdim. Amma biz dəqiqini bilmirik. Necə olub, hansı əsəbi vəziyyətə düşüb ki, adam öldürüb. Həbsdə olduğu müddətdə necə intellektual adam olduğunu göstərdi. Mədəniyyəti bu qədər sevən bir insan necə oldu ki, adam öldürdü. Amma adam bəzən canı boğazına yığılanda sevdiyi adamı da öldürür. Dünya demokratiyası deyilən bir məfhumla bizi çox aldadırlar. Ramil Səfərova ömürlük həbs cəzası verilməsi çox böyük ədalətsizlikdir. Bəraət deyilən bir söz var. Məgər bu söz ancaq siyasi məqsədlərə xidmət edir? Arxasında güc dayanan qüvvələrə xidmət edir?

Mehriban Zeynalova, Təmiz Dünya İctimai Birliyinin sədri: "Nəzərə alın ki, Ramil indi erməni işğalında olan Cəbrayılda doğulub"

- Ramil Səfərov mənim vətənimin oğludur. Doğrudur, onun qəhrəmanlığı ilə bağlı təzadlı fikirlər səslənir. Amma bizim hər birimizin qəhrəmanlara ehtiyacımız var. Bizim üçün Ramil Səfərov qəhrəmandır.

Onu bir vətən oğulu kimi çox sevirəm. Ramilə verilən ömürlük həbs cəzası çox ədalətsiz qərar oldu. Çünki bu münasibətdə ayrı-seçkilik halları və erməni diasporunun dünyadakı gücü öz təsirini göstərdi. Bu gün baş verənlər illərcə ermənipərəst dünyanın Azərbaycana qarşı düşmənçilik siyasətinin səngimədiyini və davam etdiyini göstərir. Azərbaycan güclü şəxsiyyətlərini dünyaya yaymalıdır. Məişət siyasətindən dünya siyasətinə qədəm qoyaraq ermənipərəst dünyanı azərbaycanlaşdırmağı bacarmalıdır.

Norveç məhkəməsi Osloda 77 nəfər günahsız adamı öldürən Andres Breyviki 21 il azadlıqdan məhrum edib. Ramil Səfərov isə onu və onun dövlətinin atributu olan bayrağımızı təhqir edən ermənini öldürdüyünə görə ömürlük həbs cəzası aldı. Üstəlik, nəzərə alaq ki, Ramil indi erməni işğalında olan Cəbrayılda doğulub, böyüyüb. Bir nəfərin ölümünə belə bir qərarın çıxarılması məsələsi Azərbaycana qarşı hər cür vasitə ilə təzyiq edildiyini sübut edir. Əslində bu gün həbsdə yatan Ramilin taleyi Azərbaycana olan münasibətin bir göstəricisidir. Bizim torpaqlarımız da övladlarımız da həbsdədir. Çox ağrılıdır.

Bu gün Ramil Səfərovun doğum günüdür. Heç bir vətən oğlumun erməni məkrinə qurban olmasına dözə bilmirəm. Allahdan Ramilə azadlıq, can sağlığı arzulayıram.

Teleqraf.com