Qaradağın icra başçısı zəhərlənmədə təxribat ehtimalını rədd etdi

6 Mart 2014 19:04 (UTC+04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov "Media forum" saytının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:


Xatırladaq ki, martın 5-də axşam saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə baş verib. Nəticədə xeyli insan zəhərlənib. İcra başçısı bununla bağlı bir çox məqamlara aydınlıq gətirib.

- Mikayıl müəllim, qaz sızması nəticəsində zəhərlənənlərin durumu necədir?

- Qazın təsirinə məruz qalan 43 nəfər martın 5-i axşam xəstəxanaya müraciət edib. Onlar xəstəxanada təxminən qırx dəqiqə qalıblar. Həkimlər tibbi yardım göstərəndən sonra onları evə buraxıblar. İndi vəziyyətləri yaxşıdır, heç bir problem yoxdur. Xəstəxanaya müraciət edənlərin hamısı evindədir.

- Əraziyə qaz verilməsi bərpa olunubmu?

- Qazın verilişi qismən bərpa olunub. Hazırda (müsahibə martın 6-sı axşam saat 6 radələrində götürülüb – red.) iş gedir. Yaxın saatlarda qaz verilişi tam bərpa olunacaq.

- Siz hadisə yerində olmusunuzmu? Zəhərlənmənin səbəbləri haqda ziddiyyətli açıqlamalar verilir. İcra hakimiyyətinin başçısı kimi sizə hadisənin nədən baş verdiyi barədə məruzə olunubmu?

- Əlbəttə. Qaz sistemində təmir gedirdi, ona görə də mavi yanacağın verilməsi dayandırılmışdı. Qaydalara görə, qaz verilməsi dayandırılıbsa, bərpa olunanda onun tərkibinə xüsusi iyi olan maddə vurulur ki, qaz sızması olsa, insanlar xəbər tutsunlar. Bu sahənin mütəxəssisi deyiləm, amma mənə verilən məlumata görə, qazın tərkibinə vurulan maddə normadan bir qədər artıq olub. Bir neçə evdə, həyətdə sızma baş verib, nəticədə insanlar zəhərləniblər.

- Hadisənin baş verməsi təxribat ola bilərmi?

- Xeyr, təxribat olması qeyri-mümkündür. Burada nə təxribat ola bilər? Düzdür, nəticə bir qədər ağır oldu, bir neçə nəfər zəhərləndi, insanlar həyəcan keçirdilər. Amma heç bir təxribatdan söhbət gedə bilməz.

Adi iş proseduru əsasında qaz xəttində təmir aparılıb, kiminsə səhlənkarlığı nəticəsində qazın tərkibinə normadan artıq maddə vurulub. Nəticədə iy çox olub ki, bundan da zəhərlənmə baş verib.

- Əhaliyə qaz veriləndən nə qədər sonra adamlar zəhərləniblər?

- Qaz veriləndən təxminən bir saat sonra zəhərlənmə olub. Təmir başa çatanda borular mavi yanacaqla doldurulub. Təxminən bir saat sonra insanlar özlərini pis hiss ediblər.

- Qaz xətti Lökbatanda neçə binanı mavi yanacaqla təmin edir? Həmin binaların hamısındamı zəhərlənmə faktı qeydə alınıb?

- Həmin xətt Lökbatanın bütün əhalisini qazla təmin edir. Zəhərlənmə halı yalnız bir neçə binada yaşayan insanlarda qeydə alınıb.

- Necə olub ki, yalnız bir neçə binada yaşayanlar arasında zəhərlənənlər olub? Sizcə, burada şübhəli məqamlar varmı?

- Heç bir şübhəli məqam yoxdur. Qaz xətti təmir olunub, əhaliyə qaz verilib. Binalara verilən qazın tərkibi normal olub, heç bir zəhərlənmə qeydə alınmayıb. Yalnız dörd binanı mavi yanacaqla təmin edən sistemdə nasazlıq yaranıb, sızma olub. Sızma ümumi xətdə baş verib, binaların blokuna dolub. Eyni zamanda bir neçə mənzildə qaz sızması olub. Nəticədə insanlar zəhərləniblər.

- Zəhərlənmədən neçə nəfər dünyasını dəyişib?

- Bir nəfərin zəhərlənmədən dünyasını dəyişdiyi haqda informasiya yayılıb. Amma bu məlumat doğru deyil. Mərhumun yaxınlarının dediyinə görə, o, ürək tutmasından vəfat edib. Ölüm halının qazla bağlılığı yoxdur.

- Hüquq mühafizə orqanları araşdırmanı davam etdirirmi, yoxsa iş yekunlaşıb?

- Araşdırma davam edir.


AzNews.az