DİN deputat oğlu barədə yayılan xəbərə münasibət bildirib

6 Mart 2014 20:03 (UTC+04:00)
Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, məsələnin mahiyyəti həddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb.

Onun sözlərinə görə, həqiqətən hadisədə adıçəkilən "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: "Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər.

Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı".

DİN rəsmisi qeyd edib ki, iddiaçı xanım tərəfindən məsələnin mahiyyəti qəsdən şişirdilir və ətrafda süni ajiotaj yaramaq istəyir: "Polis tərəfindən tam qanuni tədbirlər görülüb. Ona görə də onun iddiaları əsasızdır. Araşdırma nəticəsində ekspert rəyi və şahid ifadələri ilə onların dedikləri təsdiqini tapmayıb. Ona görə də araşdırmanın nəticələrinə əsasən məsələ cinayət tərkibli olmadığı üçün onun araşdırılmasına xitam verilib. Cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılıb".

Qeyd edək ki, "Nissan Juke" markalı avtomobildə olan Aynurə Cəfərova bu gün "Yeni Müsavat" qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib.


AzNews.az