Azərbaycan diasporu haqqında yeni kitab- FOTO

7 Mart 2014 15:13 (UTC+04:00)
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni "Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım" kitabı çapdan çıxıb.

Qeyd edək ki, adı çəkilən kitab müəllifin sayca altıncı kitabıdır. Ondan əvvəl Zaur Əliyevin müəllifi olduğu "Beynəlxalq münasibətlərdə diasporların rolu", "Dünya diasporları" "Diaspor: izahlı sözlük və məlumat kitabı", "Türkdilli Xalqların Diasporları" və həmmüəlif olduğu "Azərbaycan diasporu" ensiklopedik məlumtlar toplusu" kitabları çap olunub.

AzNews.az xəbər verir ki, Zaur Əliyevin yeni kitabı sədri olduğu "Diaspor və Lobbi " Elmi Araşdırmalar Mərkəzi və əməkdaşı olduğu "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının informasiya dəstəyi nəticəsində hazırlanıb. Kitabın məsləhətçisi, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev, rəyçiləri tarix elmləri doktoru, professor Quram Marxuliya (Gürcüstan), "Xəzər" Malmö Cəmiyyətinin sədri Leyla Seyidova Kiyani (İsveç), "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka) və "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalın baş redaktoru, yazar Zaur Qəriboğludur. Kitab A.Azad Əhədzadənin dəstəyi ilə çap olunub.

Kitabda diaspor nəzəriyyəsi və Azərbaycan diasporunun formalaşması, Azərbaycan diasporu: problemlər və onların həlli yolları , diaspor quruculuğu və azərbaycançılıq ideologiyası, siyasi-hüquqi və informasiya istiqamətində Azərbaycan diasporunun fəaliyyəti, diasporlararası əməkdaşlıq strategiyası, Azərbaycan Respublikasının xarici siyasəti və diaspor və Azərbaycan xalqına qarşı törədilən soyqırımlar və diasporunun fəaliyyəti kimi mövzular geniş surətdə tədqiq edilib.

Eyni zamanda kitabda mühacirət və Azərbaycan diasporunun formalaşma tarixi, yayılma coğrafiyası, Azərbaycan lobbisi, təşkilatları, ünvanları, fəaliyyətləri, informasiya texnologiyaları və milli ideologiyalar, diasporumuzun fəaliyyət göstərdiyi ölkələr haqqında məlumatlar əks olunmuşdur. Kitab diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulmuşdur. Bütün qeyd edilənlərin elmi cəhətdən öyrənilməsi böyük aktuallıq kəsb edir.

Azərbaycan diasporunun müasir beynəlxalq münasibətlər sistemindəki çəkisi və rolunun nəzəri cəhətdən az öyrənilməsi, bu istiqamətdə elmi yeniliklərin olmaması mövzunu aktuallaşdıran aspektlərdəndir. Bu gün elmi ədəbiyyatda hələ də dünya azərbaycanlıları kimdən və kimlərdən ibarətdir, diasporumuz necə formalaşıb, hansı tarixi mərhələlərdən keçib, hansı mövqeyə malikdir, hansı təşkilatları var, onların sayı nə qədərdir, informasiya texnologiyaları sahəsində uğurları, KİV orqanları, soydaşlarımızın yayılma coğrafiyası, lobbi strukturu varmı və digər bu kimi suallara cavablar axtarılmaqla yanaşı sual ətrafında müxtəlif diskussiyalar aparılır. Məhz bu kimi suallara "Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırım" kitabında cavab axtarılmağa cəhd edilib.

Zaur Əliyev Ağdam şəhərində anadan olmuşdur. AMEA-nın Fəsləfə və Hüquq İnstitutunun böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun baş müəllimi və "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının baş redaktorunun I müavini vəzifəsində çalışır.

AzNews.az