Yol qəzasına düşən polis əməkdaşı dünyasını dəyişib

7 Mart 2014 22:05 (UTC+04:00)
14 gün əvvəl Zaqatalada yol qəzasına düşən polis əməkdaşı dünyasını dəyişib.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatalada yol qəzasına düşən Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin əməkdaşı, 1970-ci ildə Bərdə rayonunda anadan olan Sadıqov İlqar Məhəmməd oğlu ötən gün Bakı şəhərindəki müalicə aldığı xəstəxanalardan birində keçinib.

Qeyd edək ki, İlqar Sadıqov fevral ayının 21-i Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsindən yolu keçmək istəyərkən 1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Babayev Baba idarə etdiyi VAZ 2106 markalı 10 RE 206 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulmuşdu.

Bir müddət Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan İlqar Sadıqovun vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.

AzNews.az