Tunellərdə qəza təhlükəsi

27 Avqust 2012 09:53 (UTC+04:00)


Bakının 20 Yanvar dairəsindəki körpu-tunel və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki və Buzovna dairəsindəki körpü-tunellərdə işıqlandırılmada ciddi problemlər yaranıb.

Xüsusilə keçmiş Karl Marks dairəsindəki uzun tuneldə işıqlandırma üçün nəzərdə tutulan lampaların böyük əksəriyyətinin yanmaması nəqliyyat vasitələrinin hərəkəti zamanı təhlükələrə səbəb olur. Sürücülər işıqlandırmanın zəif olması səbəbindən hərəkətin çətinləşdiyini, hətta qəza vəziyyətinin yarandığını vurğulayırlar.

Küçələri İşıqlandırma İdarəsindən AzNews.az-a verilən məlumata görə isə, işqlandırma ilə bağlı yaranan problemlər ərazidə təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, vaxtaşırı olaraq körpü və tunellərdə kabel və lampaların dəyişdirilməsi zərurəti yarandığından müvəqqəti olaraq işıqlandırmada problemlər yarana bilər.

Lakin qurumdan fərqli olaraq həmin yollardan mütəmadi istifadə edən hərəkət iştirakçıları uzun müddətdir ki, ərazidə heç bir təmir işlərinin aparılmadığını bildirirlər: "Vaxtaşırı olaraq tunellərin divarları su ilə yuyulur, təmizlənir, amma işıq lampalarının ya da kabellərin dəyişdirilməsi yada düşmür. Sıra ilə düzülən lampalardan bir neçəsi yanır, qalanları yox. Deməli problemin səbəbi əslində sadədir, sadəcə lampaları və ya kabelləri dəyişdirmək lazımdır".

E.Əlosmanqızı
AzNews.az