Dörd ölkənin ortaq turizm məhsulu yaradılacaq

12 Mart 2014 13:47 (UTC+04:00)
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinə (COMCEC) üzv olan 4 ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni birləşdirən ortaq turizm məhsulu yaradılacaq.

AzNews.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, COMCEC-in təşəbbüsü ilə Layihə Dövriyyəsinin İdarəedilməsi Sistemi çərçivəsində müxtəlif sahələr üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsi üzrə təqdim olunmuş "Ümumi Mədəni İrs Şəhərləri" adlı layihə qalib gəlib.

Müsabiqə 2013-cü ilin 2 sentyabr tarixində elan olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilmiş layihə 6 ay müddəti əhatə edən bir neçə mərhələdən keçərək müvəffəqiyyət qazanan layihələr sırasına daxil edilib.

Layihə Türkiyənin İnkişaf Bankının təqdim etdiyi qrant və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Cari ilin aprel-sentyabr aylarını əhatə edəcək layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizm sahəsinin inkişafına nail olmaq və əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaqdır. Layihənin reallaşdırılması eyni zamanda, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə, dördtərəfli çərçivədə turizm mübadiləsinin artmasına, bu bölgəyə daha çox turistlərin cəlb edilməsinə, İslam mədəni irsinin qorunmasına və COMCEC regionunun tarixi və mədəni irsinin beynəlxalq səviyyədə təbliğatına xidmət edəcək.

AzNews.az