Prokurorluq dəhşətli cinayətlə bağlı məlumat yaydı

13 Mart 2014 11:50 (UTC+04:00)
Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu bir neçə ay əvvəl paytaxtda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

AzNews.az-a daxil olan məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində qeyri aşkar şəraitdə törədilmiş ağır cinayətin üstünün açılması təmin edilib.

Belə ki, yanvarın 24-də saat 09 radələrində Nərimanov rayonunda yerləşən avtodayanacaqda gözətçi işləmiş 1956-cı il təvəllüdlü Mikayıl Əsədovun üzərində zorakılıq əlamətləri olan yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Rayon prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vidadi Umudov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, martın 12-də tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzNews.az