Amaliya Pənahovadan xəbərdarlıq: “Elə etməyin ki, məhkəmədə görüşək“

13 Mart 2014 13:16 (UTC+04:00)
AzNews.az show.az-a istinadən xəbər verir ki, Amaliya Pənahova "Günaydın" verilişində iştirak edən zaman üzündə apardığı estetik əməliyyatlarla bağlı növbəti açıqlamasını edib. Onun adından yazılan "Cavan qızlardan geri qalmamaq üçün estetik əməliyyat etdirmişəm" sözlərini inkar edən xalq artisti belə bir sözü dilinə gətirmədiyini bildirib:

"Mən elə deməmişəm. Demişəm ki, əgər bir insan bu gün sənətdədirsə, istedadı çatırsa ki, bu sənəti davam etdirsin, onda mütləq özünə fikir verməlidir. Yaş insanı dəyişir. Mən də Moskvada olan çəkilişlərimlə əlaqədar imicimi dəyişməli idim. Bir azdan yenidən köhnə imicimə qayıdacam".

Haqqında yazılanlardan xeyli mütəəssir olan Amaliya Pənahova xəbərdarlıq da etdi:

"Mənim haqqımda yazanlara xəbər də göndərdim ki, elə etməyin ki, məhkəmədə görüşək. Haqqımda lazımsız məlumat yazmayın. Bununla gündəmə gəlmək istəmirəm".

AzNews.az