Azərbaycanla BMT arasında protokol imzalanacaq

13 Mart 2014 14:50 (UTC+04:00)
Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması" layihəsi üzrə niyyət protokolu imzalanacaq.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sənəd Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Antonius Brok arasında imzalanacaq.

Niyyət protokolu çərçivəsində 2014-cü ilin son rübündə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumun təşkil edilməsinin dəstəklənməsi və BMT Modeli Konfranslarının (Model UN Conference) Azərbaycanda institutlaşdırılması nəzərdə tutulub.

28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumun əsas məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən edilməsi, o cümlədən "Gənclər siyasətinin yaradılması və həyata keçirilməsi üçün tövsiyələr" ("Guiding Principles for formulating and implementing youth policies") adlı sənədin hazırlanması və qəbul edilməsidir.

Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, o cümlədən BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO və Avropa Şurasının təşkilati dəstəyi ilə keçiriləcək.
BMT Modeli Konfranslarının institutlaşdırılması təşəbbüsü 2013-cü ilin oktyabr ayında Gənclər və İdman Nazirliyi və BMTİP-nin birgə əməkdaşlığı nəticəsində Bakıda keçirilən "Kibertəhlükəsizlik" mövzusunda ilk beynəlxalq BMT Təhlükəsizlik Şurasının Modeli Konfransının uğurundan sonra yaranıb. Bu istiqamətdə Milli BMT Modeli mexanizminin və ya şəbəkəsinin yaradılması və növbəti illərdə milli və beynəlxalq BMT Modeli Konfranslarının həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, niyyət protokolunun imzalanması martın 14-də baş tutacaq.

AzNews.az