“Cavan Zeynallı: “Toylardan ən çox aldığım pul 1000-2000 olub”

27 Avqust 2012 12:41 (UTC+04:00)
"Mən heç bir vaxtı 50 manata nə mahnı oxumuşam, nə də royal arxasında hər hansı bir əsər ifa etmişəm. Ümumiyyətlə, 50 manatın adı Cavan Zeynallı üçün bir təhqirdir. Bu, məni sevməyənlərin fikridir. Əgər mən belə bir hadisə ilə qarşılaşsam, onun mənə verdiyi 50 manatı tələsik həmin adama qaytarardım. Bəyəm Cavan Zeynallı 50 manatlıq sənətkardır? Mənim sənətimin misli yoxdur".

Bunu AzNwes.az-a açıqlamasında Əməkdar artist Cavan Zeynallı dedi. Onun sözlərinə görə, bu günə kimi sənətkar dəvət aldığı tədbirlərdə heç vaxt qiymət deməyib: "Kim mənə nə veribsə, almışam. Amma ilk növbədə pul aldığım adamın səviyyəsinə baxmışam. Mənim üçün pul deyil, səviyyə önəm daşıyır. Bax, məni həmkarlarımdan fərqləndirən də budur. Əgər mən sənəti, səviyyəni deyil, toyu seçsəydim, hamını, bütün sənətkarları kölgədə qoyardım. Amma hamı bilir ki, mən toy təqdirlərinə nadir hallarda gedirəm. Toy sevmirəm. Oradakı səviyyəni görəndə əsəbiləşirəm. Musiqi, səs yüksəldən aparatlar məni xəstə sala bilər. Ona görə də belə yerlərdən uzaq düşürəm. Amma mənim elit dostlarım var ki, onlar məni güclə də olsa, toylara aparırlar. Orada da öz repertuarımdan mahnılar ifa edirəm. Toylardan ən çox aldığım pul 1000-2000 olub. Mənim alnıma baxanda şəxsiyyətimin kimliyi orada aydınca yazılıb. "Pul istəmirəm", "Toyla işim yoxdur" sözləri artıq bütün dünyada məni təqdim edir".

Lalə
AzNews.az