Hadı Rəcəbli hökumətə irad tutdu

14 Mart 2014 12:19 (UTC+04:00)
Azərbaycan Milli Məclisində qanunvericiliyə və ölkə başçısının sərəncamına əməl olunmaması ilə bağlı hökumətə irad bildirilib.

Lent.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən ilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından olan deputat, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, tibbi sığorta ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərdən sonra yeni agentliyin yaradılmasının nəzərdə tutulmasına baxmayaraq bu məsələ nədənsə yaddan çıxıb.

O qeyd edib ki, qanunvericilikdə bununla bağlı edilən dəyişiklikdən sonra hətta Azərbaycan prezidenti də bununla bağlı sərəncam verib: "Amma niyə icra olunmur? Niyə tibb sığorta ilə bağlı bu agentlik yaradılmır? Məqsəd nədir: Soruşanda deyirlər ki, asan məsələ deyil. Məgər bizim hansı işimiz asan olub? Yol çəkmək asan olub, yoxsa nə asan olub? Niyə unudurlar ki, bu haqda ölkə başçısının da sərəncamı var? Mən xahiş edirəm, hökumət diqqətli olsun!".

AzNews.az