Casus “ovu”na Rusiya da qoşuldu: ukraynalı təxribatçılar həbs edildi

14 Mart 2014 13:53 (UTC+04:00)
Rusiya hüquq-mühafizə orqanları Moskvada 7 Ukrayna vətəndaşını həbs edib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukraynanın millətçi qruplaşmasının üzvləri olan bu şəxslər Moskva və ətraf bölgədə təxribat xarakterli aksiyalar törətməyə cəhddə ittiham olunurlar. Qrup üzvləri Rusiyaya avtobusla gəliblər.

Saxlanılan ukraynalıların üzərində yalnız bıçaq aşkarlansa da, onların Moskvaya hansı məqsədlə gəldiyi müəyyən edilib.

Saxlanılan şəxslərə 1958-ci ildə Donetskidə anadan olmuş Vladimir Sicko adlı şəxs rəhbərlik etdiyi də aşkara çıxarılıb.

Məhkəmənin qərarı ilə saxlanılanlar İnzibati Xətalar Məcəlləsinə iuğun olaraq 15 sutka azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, martın 12-də isə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olan şəxsi saxladığına dair açıqlama yayıb. UTX-nın məlumatında bildirilib ki, Ukraynanın Xerson vilayətində həyata keçirilən əməliyyat nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ələ keçirilib. Onlar ərazinin əməliyyat şəraitinin öyrənilməsi, Ukrayna hərbçilərinin toplanış yerlərinin və döyüş hazırlığının müəyyənləşdirilməsi ilə məşğul olublar. Kəşfiyyat qrupuna isə 1981-ci ildə Rusiyanın Ryazan vilayətində anadan olan, Arbuzov Yevqeni Sergeyeviç rəhbərlik edib.

Məhəmməd
AzNews.az