“Azərbaycan müxalifəti Ukraynanı gözləyir” – Sərdar Cəlaloğlu

15 Mart 2014 11:01 (UTC+04:00)


"Müxalifət Ukraynadakı proseslərin hansı məcrada inkişaf edəcəyini gözləyir. Bu səbəbdən də müxalifət son vaxtlar siyasi fəallıq etməyə ehtiyac görmür".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son vaxtlar müxalifət düşərgəsində hökm sürən susqunluğa münasibət bildirərkən deyib.

S. Cəlaloğlu deyib ki, müxalifət yalnız seçkilərdə ciddi fəallıq nümayiş etdirməlidir. Digər vaxtlarda isə seçkiyə hazırlaşmalı, xalqı maarifləndirməli, təşkilatlandırmalıdır:

"Əslində Azərbaycanda müxalifətçilik haqda bəzi liderlər yanlış nümunə ortaya qoyublar. Elə təbliğ edirlər ki, müxalifət yalnız hər gün küçələrə çıxmalıdır. Göründüyü kimi demokratik ölkələrdə, məsələn Türkiyədə xalqı küçələrə seçkilərlə bağlı çıxardırlar. Bizdə isə elə təsəvvür yaradırlar ki, müxalifət küçələrə çıxmalıdır".

ADP sədri Ukraynada baş verənlərin Azərbaycanın daxili siyasi mühitinə bağlılığı məsələsinə də toxunub. O deyib ki, Azərbaycan müxalifəti Ukrayna hadisələrində öz mövqeyini açıqlayıb və aqressiyaya qarşı çıxış edib. Onun sözlərinə görə, Ukraynada baş verənlər bizim gələcək taleyimizə xidmət edir.

İlqar Vəliyev
AzNews.az