Heydər Əsədov: “Süni qiymət artımının qarşısı alınacaq”

15 Mart 2014 12:46 (UTC+04:00)


"Yarmarkaların genişləndirilməsi və təşkilində müasirliyin təmin olunması kənd təsərrüfatı məhsullarının satış qiymətini aşağı salacaq".

AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. O, bildirib ki, kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili üçün Nazirlik səhmdarlarla mütəmadi iş aparır və artıq bunun sayəsində müasir xidmət bazarlarının təşkilinə nail olunub. Nazir vurğulayıb ki, yarmarkaların təşkilinə dövlət büdcəsindən vəsaiti ayrılmayıb: "Biz artıq çox da rentabelli olmayan bu sahəyə vəsait cəlb edə bilmişik. Bu gün Bakı şəhərinin 4 yerində qapalı şəraitdə 5 günlük müasir standartlara cavab verən yarmarkalar təşkil edilib. Bu da süni qiymət artımının qarşısını alır".

O, belə yarmarkaların qiymətin azalmasına təkan verəcəyini də qeyd edib: "Nazirlik yalnız alıcının deyil, həm də istehsalçının maraqlarının müdafiəsində maraqlıdır".

Qeyd edək ki, Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə martın 15-dən 20-dək Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanılıb.

Amid
AzNews.az