Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açıldı

15 Mart 2014 22:57 (UTC+04:00)
Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Bu barədə Trend-ə Xəzər rayon prokurorluğundan məlumat verilib.

Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KaMAZ" markalı maşına çırpılıb.

3 saylı şəhər Mərkəzi Kliniki Xəstəxanasından öncə bildiriblər ki, Hüseyn Dərya qapalı kəllə-beyin travmasından dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, H.Dərya dünən 23:30-da xəstəxanaya qəbul edilib. Həkimlərin cəhdinə baxmayaraq bu gün səhər 9:20-də vəfat edib. Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq.


AzNews.az