Dopinq qəbul edən idmançılarımızın baş məşqçisi danışdı–Eksklüziv

17 Mart 2014 11:59 (UTC+04:00)
Azərbaycanın 5 idmançısının dopinqə görə, medaldan məhrum olması xəbərinə reaksiya gəlib.

Məsələ ilə bağlı ağır atletika üzrə yığma komandanın baş məşqçisi Zlatan Vanev AzNews.az-a açıqlama verib. Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı söz-söhbət olsa da rəsmi qərar hələ ki, yoxdur:
"Bu, ağır atletika üzrə Azərbaycanın yığma komandasına qarşı qərəzli münasibətin nəticəsidir. Çünki yığmanın Avropa çempionatında qazanılmış medallardan məhrum edilməsi və diskvalifikasiya olunmasına dair rəsmi qərar yoxdur".

Baş məşqçi qərar olmadan mediada belə xəbərlərin yayılmasına təəssüfləndiyini bildirib. Z. Vanevin sözlərinə görə, bu cür xəbərlər yığmanın perspektivli üzvlərini həvəsdən salmaq və onların gələcək yarışlarda uğur qazanmasına mane olmaq məqsədi daşıyır. O, bunun provokasiya olmasını da istisna etməyib.

Qeyd edək ki, bu xəbər Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yer alıb. Xəbərə görə, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar. Adıçəkilən idmançılar dopinq qəbul etməkdə günahlandırılırlar. Amma maraqlıdır ki, Federasiyanın rəsmi saytında Dopinqə düşən idmançəların sıyahısı bölümündə Azərbaycan idmançəlarınını adı yoxdur.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, hazırda məsələ araşdırılır.

Amid
AzNews.az