"Qanun" fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir

17 Mart 2014 12:51 (UTC+04:00)
Media Hüququ İnstitutu bildirir ki, "Qanun" Nəşrlər Evinə qarşı hökumətin planlı və inzibati resurslardan, qanunlardan istədiyi kimi istifadə etməklə basqılarının artmasından, nəşriyyatın fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşməsindən ciddi narahatdır. Bu barədə institutdan yayılan press-relizdə bildirilir.

MHİ qeyd edir ki, "Qanun" Azərbaycanın ilk müstəqil nəşriyyatlarından və mətbəələrindəndir. Fəaliyyət dövründə "Qanun"a qarşı tez-tez vergi qanunlarından istifadə olunmaqla basqılar edilib. "Qanun" kitab nəşri sahəsində çox böyük işlər görmüş, dünya ədəbiyyatında tanınmış əsərlərin azərbaycancaya tərcümə edilib yayılmasına böyük töhvələr vermişdir. "Qanun" ölkədə mövcud olan qeyri-rəsmi siyasi senzuranın çərçivəsində qalmaqdan imtina etmiş, siyasi hakimiyyətin bəyənib-bəyənməməsindən asılı olmayaraq ifadə azadlığına və oxucuya xidmət etmək prinsiplərinə sadiq qalmışdır. Bu səbəbdən də növbəti dəfə ciddi basqıların hədəfinə çevrilmişdir.

2013-cü ilin noyabrında Vergilər Nazirliyi heç bir sənəd, qərar təqdim etmədən "Qanun"a gələrək onun bütün sənədlərini, kompüterləri zorla özləri ilə aparıblar. Bunun ardınca Vergilər Nazirliyinin Audit Departamenti Nəşrlər Evinin 150 min manat cərimələnməsi barədə qərar çıxarıb. "Qanun"un həmin qərardan verdiyi, eləcə də müəsisəinin sənədlərinin geri qaytarılması barədə müraciətləri məhkəmələr heç bir əsaslandırma etmədən rədd ediblər. "Qanun" barəsində cinayət işi başlanılıb, onun bütün işçiləri, habelə "Qanun"la əməkdaşlıq etmiş bütün yazarlar və tərcüməçilər cinayət işinin istintaqına çəlb olunaraq istintaq qurumlarında sorğu-sual edilibilər. Çalışanların davamlı olaraq sorğu suala çəkilməsi, iş kompüterlərinin götürülməsi, müəsisənin üzərinə fantastik məbləğdə cərimə yükünün qoyulması "Qanun"u iflic edib. Nəşrlər Evi fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.

Media Hüququ İnstitutu "Qanun"a qarşı bu hücumu hakimiyyətin ölkədə bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək, həm kitab və qəzet nəşrini, həm də sair nəşrləri öz siyasi senzurası altına almaq siyasətinin tərkib hissəsi sayır. MHİ hesab edir ki, "Qanun"a qarşı bu basqılar Azərbaycanda ifadə azadlığına ağır zərər vuracaqdır.

MHİ hökuməti "Qanun"a qarşı vergi yoxlamaları adı altında qanunsuz basqıları təcili dayandırmağa, ölkənin inkişafına ciddi zərər vura biləcək siyasi senzura tətbiqinə bərabər olan belə siyasət yürütməkdən çəkinməyə çağırır. MHİ hökuməti müstəqil nəşriyyat və mətbəələrin yaranması və inkişafına, ölkədə fərqli düşüncələrin və bədii təxəyyülün sağlam rəqabətinə rəvac verə biləcək hökumət siyasəti hazırlamağa və həyata keçirməyə çağırır.

AzNews.az