Masallıda güclü yanğın

17 Mart 2014 18:00 (UTC+04:00)
Masallı rayonunda güclü yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 17-də saat 15:30 radələrində Masallı bələdiyyəsinin Dadva ərazisində şəxsi evlərə məxsus həyətyanı sahədə yanğın hadisəsi baş verib.

Yanğının baş verməsinə səbəb ərazidə əsən güclü külək olub. Əraziyə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də yerli ictimaiyyət cəlb edilib və onların səyi nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb, yanğının genişlənərək meşə sahəsinə yayılmasının qarşısı alınıb.

Ümumilikdə, 0,2 hektar ərazini əhatə edən yanğın artıq söndürülüb və meşə fondu torpaqlarına keçməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

AzNews.az