Xırdalan təşviş içində: Yaşayış binası uçdu, xəsarət alan var- Yenilənib (Fotolar)

18 Mart 2014 09:35 (UTC+04:00)
Bu gün axşam saatlarından başlayan güclü külək Abşeron rayonu, Xırdalan şəhərinə də ciddi ziyan vurmaqdadır.

AzNews.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl, şəhərin 26-cı məhəlləsindəki beşmərtəbəli binalardan birinin tavanı tamamilə uçub.
Uçan tavanın qırıntıları yaxınlıqdakı həyət evlərin, eləcə də avtomobillərin üzərinə tökülüb, onlara ciddi ziyan vurub. Binanın yaxınlığında yaşayan bir nəfərin də zərər çəkdiyi söylənilir.

Məlumata görə, Seyfəddin Mirzəyev adlı şəxs 99 DV 970 nömrə nişanlı "Mercüdess" markalı avtomobili park edərkən, külək binanın tavanını atıb. Tavanın bir hissəsi onun avtomobilinin üzərinə düşüb. Xoşbəxtlikdən, S.Mirzəyev ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

Sakinlərin bildirdiyinə görə, elektrik xətləri və qaz boruları qırıldığından vəziyyət daha təhlükəlidir və onlar belə bir vəziyyətdə köməksiz halda
qalıblar. Belə ki, aidiyyəti idarələrdən heç biri telefonlara cavab vermir. Sakinlər təşviş işindədirlər.(00.03)

***
AzNews.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, bir sıra fərdi yaşayış binaların dam örtüyü uçub və vətəndaşlara ciddi ziyan dəyib. Bir neçə minik avtomobilinin də uçqun altında qaldığı deyilir.

Hadisə bu gecə saatlarında baş verməsinə baxmayaraq, müvaffiq qurumların nümayəndələri fəsadların aradan qaldırılmasına köməklik göstərilməyib. Belə ki, vətəndaşlar deyiblər ki, FHN-nin yerli bölməsi və rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasalarda, hadisə yerinə heç kim gəlməyib. "Azəriqaz" və Azərenerji" nümayəndələri hadisə yerinə gələrək işıq və qaz verlişini yaşayış sahəsinə dayandırmaqla kifayətləniblər.

Hadisə ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımızı cavablandıran olmadı. Bir cümlə ilə bildirildi ki, onlarda məsələ ilə bağlı məlumat yoxdur.

AzNews.az binanın damının uçmasının törətdiyi fəsadlarını əks etdirən fotoları təqdim edirik:


Azər
AzNews.az