Prezident əfqanıstanlı nazirlə görüşdü

18 Mart 2014 14:18 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla Əfqanıstan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Prezident İ. Əliyev Azərbaycanın Əfqanıstanda sabitliyin və əmin-amanlığın qorunması istiqamətindəki fəaliyyətini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Ölkələr arasında iqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasının zəruriliyini qeyd edib.

Öz növbəsində, Z. A. Osmani Əfqanıstan prezidenti Həmid Kərzainin salamlarını dövlət başçısına çatdırıb. O bildirib ki, ölkəsinin prezidenti Azərbaycanla uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.

Görüşdə ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az