Fransa prezidenti də Obamanı təkrarladı

28 Avqust 2012 08:58 (UTC+04:00)


Fransanın yeni seçilmiş prezidenti Fransua Olland amerikalı həmkarı Barak Obamanın fikirlərini təkrarlayıb. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Olland bildirib ki, Suriya kimyəvi silahdan istifadə edərsə, bu ölkəyə qarşı birbaşa hərbi müdaxilə edilə bilər. "Biz ayıq-sayıqlığımızı saxlayırıq ki, Suriya hökuməti kimyəvi silahdan istifadə etməsin. Yox əgər kimyəvi silahdan istifadə olunarsa, bu beynəlxalq ictimaiyyətə hüquqi əsas verəcək ki, hərbi müdaxilə edilsin".

O, həmçinin bildirib ki, Fransa BMT təhlükəsizlik şurasında Suriya məsələsində beynəlxalq konsensusa nail olmaq üçün əlindən gələni edəcək. Olland həmçinin Suriya müxalifətini müvəqqəti keçid hökuməti yaratmağa çağırıb və bildirib ki, Fransa belə bir hökumət yaradılarsa tanımağa hazırdır. Fransalı prezident Türkiyə ilə Suriya məsələsində əməkdaşlığa da toxunub və qeyd edib ki, onlar Suriyada "təhlükəsizlik zonası" yaradılması ideyası üzərində işləyirlər.

Fransalı prezident Suriya məsələsində Çin və Rusiyanın mövqeyini də kəskin tənqid edib və bildirib ki, "hər iki dövlət BMT Təhlükəsizlik Şurasında tutduqları mövqe ilə münaqişənin həlinə mane olurlar. "Təhlükəsizlik Şurasının üzvləri bu cür məsələlərə məsuliyyətlə yanaşmalı, qərar qəbul etməlidirlər".

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə edilə biləcəyi ilə bağlı açıqlama vermiş və bildirmişdi ki, "Suriya hökuməti kimyəvi silahdan istifadə edərsə, birbaşa hərbi müdaxilə qaçılmaz olacaq".

Sadiq
AzNews.az