Qaxda yanğın olub

19 Mart 2014 20:08 (UTC+04:00)
Qaxda yanğın hadisəsi baş verib.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Əlibəyli kəndində, Arçil Kikişvilinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 116 kv/m olan mal tövləsində baş verib.

Hadisə yerinə FHN-nin Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində tövlənin 35 kv/m sahəsi və 50 ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində tövlənin qalan hissəsi, 200 ədəd quru ot bağlaması və bir-neçə iribuynuzlu heyvan yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.

AzNews.az