55 yaşlı kişi 11-ci sinif şagirdini zorlayıb, sonra yandırdı

20 Mart 2014 19:56 (UTC+04:00)
Marneuli rayonundakı gürcülərin və azərbaycanlıların birgə yaşadığı Tamarisi kəndində dəhşətli cinayət hadisəsi baş verib.

AzNews.az - ın APA - ya istinadən verdiyi xəbərə görə, əvvəllər məhkum olunmuş, bu yaxınlarda azadlığa çıxan 55 yaşlı kənd sakini, Murad Tsiklauri qonşuluqda yaşayan 11-ci sinif şagirdi, 17 yaşlı Manana Nadibaidzeni evdə heç kimin olmamasından istifadə edərək zorlayıb.

Tamarisi kənd məktəbinin direktoru Quram Kadaria məktəbli qızın zorlandıqdan sonra əziyyətlə öldürüldüyünü bildirib: "Nadibaidzelər Tamarisi kəndinin sakit ailələrindəndir. Onların qonşuluğunda yaşayan Murad Tsiklauri isə məhkumluq həyatı yaşayıb, tüfeyli həyat keçirir, həyətyanı sahələri belləyir, içki içir, oğurluq edir. O, cinayəti törətmək məqsədilə Nadibaidze ailəsinin yaşadığı evə gəlib və heç nədən xəbərsiz 17 yaşlı gənc qız onu qonşu kimi qarşılayıb, hətta ona çörək də verib. Lakin bir az keçəndən sonra Tsiklauri ona hücum edib, qıza əzab verərək onu hamamda zorlayıb və öldürüb. Sonra isə məktəbli qızı öz həyətinə aparıb, çuxur qazaraq ora tullayıb, üstünə çır-çırpı tökərək yandırıb".

Hadisə ilə bağlı kəndin sakinləri bu gün Marneuli Rayon Polis Şöbəsinin qarşısına toplaşaraq etiraz mitinqi keçiriblər. Sakinlər cinayət törədən şəxsin onlara verilməsini tələb ediblər.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili Tamarisi kənd sakinləri ilə görüşərək, söhbət edib, onları sakitləşdirib.

Marneuli Rayon Polis Şöbəsinin operativ tədbirləri nəticəsində M. Tsiklauri artıq saxlanılıb. Saxlanılarkən onun sifətində cırmaq izləri olub.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili cinayət törədən şəxsin qanun qarşısında cavab verəcəyini deyib.(APA)