Tağı Əhmədov ailəsi ilə birgə Dubayda dincəlir

22 Mart 2014 10:52 (UTC+04:00)
Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda "Atlantis" otelində istirahət edirlər.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra bir sıra müstəqil və müxalif KİV-lərdə onun ölkəni birdəfəlik tərk etməyə çalışdığına dair informasiyalar yayıldı.

Mətbuatda hətta belə xəbər də yayıldı ki, hakimiyyət orqanları metropolitendə korrupsiya faktları ilə bağlı xüsusi araşdırma aparılması zərurəti ilə əlaqədar T.Əhmədova ölkəni tərk etmək yasağı qoyub.

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, T.Əhmədov Azərbaycanı doğrudan da tərk edib. Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda Dubayda istirahət edirlər. Keçmiş məmur və ailə üzvləri dəbdəbəli "Atlantis" otelində yerləşiblər.

Qeyd edək ki, ərəb səhrasına səyahət edənlər arasında populyar olan beşulduz "Atlantis" lüks otellərdən sayılır. Burada qalmaq orta dərəcəli azərbaycanlı məmurun cibinə, daha doğrusu, maaşına uyğun deyil, yəni çox bahalıdır. Amma vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli otelin apartamentlərində korluq çəkmədən yaşayırlar.

Məlumata görə, T.Əhmədov Azərbaycana martın 26-da qayıtmağı planlaşdırır.


AzNews.az