“Azpetrol”da “kart” qalmaqalı

22 Mart 2014 13:24 (UTC+04:00)
Bu gün "Azpetrol"un Nobel prospektindəki yanacaqdoldurma məntəqəsində mübahisə düşüb. AzNews.az-ın məlumatına görə, sürücü ilə yanacaqdoldurma məntəqəsinin əməkdaşı arasında yaranan mübahisəyə səbəb ödənişin kart vasitəsilə ödənilməsində süni problemlərin yaradılması olub.

Məlum olub ki, bu yanacaqdoldurma məntəqəsində kartla benzin vurmaq ağıllı-başlı ciddi problem imiş. Belə ki, benzin pulunu karla ödəmək və ya firma, təşkilatlar tərəfindən avtomobillərinə verilən benzin kartlarından (talon) bu məntəqədə istifadə etmək üçün saatlarla vaxt sərf etməlisən. Çünki yanacaqdoldurma məntəqəsinin bu işə məsul şəxsləri düzgün hesablama aparmaqda çətinlik çəkir... Bundan narazı qalan müştərilərə isə nağd pulla benzin almaq təklif edilir. Bu da əlbəttə ki, əlavə vaxt itkisi, mübahisələrə və əsəbə səbəb olur.

Müştərilər bildirir ki, məhz bu yanacaqdoldurma məntəqəsində həmişə bu tipli problemlər olur, buna görə də burada tez –tez mübahisələr, davalara rast gəlinir. O da bildirilir ki, keyfiyyətsiz xidmətə, burada çalışan əməkdaşların kobud davranışı ilə əlaqədar məntəqənin müdiriyyətinə şikayət etsələr də, vəziyyət dəyişmir. Məlum olduğu ki, Nobel Bakının ən böyük və avtomobillərin çox hərəkət etdiyi bir prospektdir.
Nəzərə alsaq ki, bu prospektdə az sayda yanacaqdoldurma məntəqələri var, onda "Azpetrol"un belə keyfiyyətsiz xidmətinin necə ciddi narahatlığa səbəb olmasını izah etməyə dəyməz.

Şəhərin daha əz əhəmiyyətli yollarında bərbəzəkli yanacaqdoldurma məntəqələri tikən, nizam-intizamlı əməkdaşlar işlədən "Azpetrol" rəhbərliyinin Nobel prospektində niyə belə biabırçı yanacaqdoldurma məntəqəsi işlətməsinin səbəblərini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, ölkədə sürətlə nağdsız ödəniş sisteminə keçid edildiyi bir vaxtda yanacaqdoldurma məntəqələrində bu məsələyə diqqət yetirilmir.

Tamerlan