AB Rusiyadan asılılığa son qoymağa hazırlaşır

26 Mart 2014 20:41 (UTC+04:00)
Martın 26-da ABŞ-la Avropa Birliyi (AB) arasında Brüsseldə keçirilən sammitdə birgə bəyanat qəbul edilib.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, sənəddə bildirilib ki, Avropa Birliyi Rusiyanın neft və təbii qazından asılılığını azaltmağı vacib sayır.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barroza bəyan edib ki, bu ay baş verənlər AB üçün ciddi siqnaldır və karbohidrogen resursları mənbələrinin dirversifikasiyası (şaxələnməsi) ilə bağlı təcili tədbirlərin görülməsi vacibdir.

Prezident Barak Obama isə bildirib ki, əgər qarşılıqlı ticarətlə bağlı müqavilə imzalanarsa, o zaman ABŞ Avropaya təbii qaz ixrac edə bilər. Bununla yanaşı o, əlavə edib ki, Avropa yalnız Amerikanın şist qazı tədarükünə arxayın olmamalı, mövcud imkan və ehtiyatlardan səmərəli istifadə etməlidir.

AzNews.az