İraq ordusu xalq mücahidlərinə hücum edib

28 Avqust 2012 13:29 (UTC+04:00)
İraqın "Əşrəf" düşərgəsində saxlanılan İran Xalq Mücahidləri Təşkilatının üzvləri ilə İraq ordusunun qüvvələri arasında toqquşma baş verib. AzNews.az Xalq Mücahidləri Təşkilatına istinadən xəbər veriri ki, İraq ordusunun qüvvələri "Əşrəf" düşərgəsində yaşayan silahsız insanlara hücum edərək 20 nəfəri yaralayıb.

Mücahidlərin "Azadlıq" düşərgəsinə göndərilməsi ilə məşğul olan baş nazirin müşaviri C.Bakus isə düşərgə sakinlərlə ordu qüvvələri arasında insidentin olmasını təkzib edib. Onun sözlərinə görə, mücahidlər yoxlamalar zamanı bir-birinə qarşı zor tətbiq etməklə İraqın ordu qüvvələrinin işinə maneçilik törətməyə çalışıblar:"Buna baxmayaraq ordu qüvvələri tərəfindən heç bir zorakılıq halları baş verməyib. Yaralanan və ya xəsarət alan da olmayıb".
İraqlı yetkilinin sözlərinə görə, avqustun 28-də sakinlərdən 400 nəfəri "Azadlıq" düşərgəsinə göndərilib. 800 nəfərin isə sentyabrda göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İran Xalq Mücahidləri Təşkilatının üzvlərinin İraqdan çıxarmasını tələb edir. İraq hakimiyyəti İranın təzyiqlərinə davam gətirmədiyindən təşkilatın üzvlərinin İraqı tərk etməsini tələb edib. Əks halda onların İrana təhvil verilməsi məsələsinin gündəmə gətiriləcəyi vurgulanıb.
Ancaq qərb dövlətləri və BMT-nin müdaxiləsindən sonra İraq hakimiyyəti təşkilat üzvlərinin "Azadlıq" düşərgəsinə köçürülməsi və bu düşərgədən xarici ölkələrə gəndərilməsi təklifi ilə razılaşıb.

Alpər AzNews.az