İcra Hakimiyyəti MTN-çiləri mükafatlandırdı- Yubiley tədbiri

27 Mart 2014 12:47 (UTC+04:00)
Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbirin əvvəlində milli təhlükəsizlik orqanlarının inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin deputatları rayon ərazisindən seçilmiş deputatları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri, ziyalılar və fəal gənclər iştirak edib.

AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev milli təhlükəsizlik orqanları əməkdaşlarını təbrik edərək qeyd edib ki, Respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan milli təhlükəsizlik orqanının rolu əvəzedilməzdir. "Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir".

Daha sonra çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik İlham Babayev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açmayıblar.

Yekunda xidmətdə fərqlənmiş Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

AzNews.az