“Qurd Cəbrayıl“ın oğlu atasından danışdı- Müsahibə

27 Mart 2014 13:27 (UTC+04:00)
4 dəfə həbsxanadan, 1 dəfə məhkəmə zalından qaçmış "qanuni oğru"

Əsər, kino və kriminal aləmin qəhrəmanı "Qurd Cəbrayıl"ın real həyatı

Ötən əsrin 60-80-ci illərində çəkilmiş, sovet ideologiya aparatının tərkib hissəsi olan, indi hər birimizin sevə-sevə oxuduğu bədii əsərlərin, izlədiyimız bəzi filmlərin əksəriyyəti əslində ayrı-ayrı adamların həyatının təhrif olunmuş, uydurulmuş hissəsidir. Belə filmlərdən biri də Elçin Əfəndiyevin ssenari müəllifi oldugu "Arxadan vurulan zərbə" filmidir.

Filmin baş qəhrəmanı "Qurd Cəbrayıl"ın oğlu Xoşqədəm Cəbrayıloğlu ilə müsahibəni qaynar.info-ya istinadən təqdim edirik:

- Аtam1900-сü ildə anadan olub. 6 aylığında ikən anasını, 9 yaşında ikən atasını itirib. Onun babası Kəblə Sonqulu olub. O, Bakıda məşhur dovga bişirən aşpaz kimi tanınırmış. Hətta "O olmasın bu olsun" filmindəki epizodda "Kəblə Sonqulu dovğası" sözü də var. Bu, atamın babasının əla dovğa bişirməsinə işarədir.

Kəblə Sonqulu dovğa bişirər, atam isə bazarda satırmış. Lakin çox gəlir əldə etmək istəyən atam dovğaya su qatırmış ki, əldə etdiyi qəpik-quruşdan özünı peşmək, şirniyyat asın. Bundan şübhələnən şəhər camaatı Kəblə Sonquluya şikayət edirlər. Dovğaya su qatıldıgını irad tutan müştərilər onun əvvəlki dadından əsər-əlamət qalmadığını bildirirlər. Babası 9 yaşlı nəvəsinə qulaqburması vermək istəyəndə atam evdən qaçır. Qohumlarıgilə getmək istəyən atam səhvən başqa bir gəmiyə minir. 9 yaşlı uşaq 1 saat sonra gəminin Həştərxana getdiyini biləndə yolda ağlamağa başlayır. Gəmidəkilər ona çörək və yumurta verirlər.

"Varlı tatar atamı övladlığa götürür"

Beləcə gəmi Həştərxan sahillərinə yön alır. Amma dənizdə tufan olduğundan gəmi bir neçə gün burda qalır. Atam şəhərdə olanda təsadüf nəticəsində küçədə faytonu xarab olmuş varlı tatarla tanış olur. Başına gələnləri ona danışır. Kişi ona deyir ki, geri qayıtsan, onsuz da baban səni döyəcək, qal burda. Mənim də övladım yoxdur, varisim ol. Atam bu təkliflə razılaşır. Böyük şirniyyat fabrikinin sahibi olan tatar atamı övladlığa götürür. Cəbrayıl onun inamını, etibarını elə qazanır ki, 17 yaşına çatanda atalığı malikanənin bütün var-dövlətini ona həvalə edir. Bir gün atamı külli miqdarda pulla qonşu obyektə göndərirlər. Yolu qəbristanlıqdan keçir. Gecə məzarların arasınca gedəndə iki atlının arxasınca gəldiyini görür. Onları pusur. Atlılar qəbristanlıqda bir kisə basdırıb gedirlər. Onlar uzaqlaşan kimi atam kisənin qızıl və ya pul olduğunu zənn edib, qəbri qazmağa başlayır. Torbanı açanda onun içində boğazına bıçaq vurulmuş yaralı bir qızı görür. Bıçağı onun bogazından çıxardıqda qızın boynundan qan fışqırır. Atam huşunu itirib özündən gedir.

Gözlərini açanda özünü xəstəxanada, milislərin əhatəsində görür. Ona deyirlər ki, qızı sən öldürmüsən. Çünki bıçaq atamın əlində qalmışdı. Bundan xəbər tutan tatar milis idarəsinə gəlir, atamın qatıl omadığına inanmadıgını iddia edib onu zaminə götürür. Sən demə qız ölməyib. Ayılıb sağalandan sonra atamla onu üzləşdirirlər. Qız deyir ki, məni öldürmək istəyən bu deyildi. Adı Yasəmən olan qız da atam yaşındaymış. İmkanlı ailənin övladı olan Yasəməngil iki bacı olublar. Atası varidatını Yasəmənə bagışlayıb. Onu ona görə qətlə yetirmək istəyiblər ki, var-dövlət ikinci qıza qalsın. Lakin xoş təsaüf nəticəsində Yasəmən sağ qalıb. Onlar tanış olduqdan sonra qız həyatını xilas etmiş atama vurulur. Sən demə Yasəmən özü də imkanlı ailənin övladı imiş. Evlilik təklif etdikdə atam bildirir ki, o, xalası qızı – yəni sonradan ailə həyatı qurduğu anamla göbəkkəsdidir. Mən onu sevirəm.

Atam ona evlilik təklif edən qıza deyir ki, gəl Bakıya gedək. Əgər xalam qızının ailə qurduğunu görsək, sənlə evlənəcəm. Onlar qatara minəndə atam qızdan uzaqlaşmaq üçün onu qoyub qaçır. Atam öz evlərinə gəlib Bakıda yaşamağa başlayır.

"Pulu göyə atıb, havada onu dəqiq nişan alardı"

- Atanızın kriminal aləmə gəlişi necə baş verdi?

- Günlərin bir günü iki naməlum şəxs küçədə atama yaxınlaşıb o vaxt "qanuni oğru" dünyasında məşhur olan Rəşid oğlu Məhərrəmin evini soruşurlar. Atam onları aparıb Rəşid oğlu Məhərrəmin evini göstərir. Onlar tanış olurlar. Həmin gündən "qanuni oğru"lar atamı öz dəstələrinə qoşurlar. Cəbrayıl beləcə kriminal aləmə üzv olur.

- ...Və sonra daha da məşhurlaşır.

- Bəli, ilk öncə qeyd edim ki atam bir dəfə proses gedə-gedə məhkəmə zalından qaçıb. Həmin vaxt paytaxtda Bakı "qanuni oğruları" ilə "həmşəri" "vor-zakonları" arasında nüfuz savaşı gedirdi. Bunların milisə ələ verilməsi nəticəsində Bakının 33 nəfər "qanuni oğrusu" tutulur. Atam da onların arasında imiş, özü də 33-cü adam. O vaxt onların hamısını güllələdilər, amma atam məhkəmə zalından qaçdı. Qaçıb dayımgilin Mustafa Sübhi küçəsində yerləşən evində gizlənsə də, 1-2 ay sonra onu ələ verirlər. Kimsə Cəbrayılı satır. Yeri gəlmişkən, atam çox sərrast tapança atan olub.

- Amma "Arxadan vurulan zərbə" filmində onu sərrast bıçaq atan kimi qələmə verirlər.

- Düz deyirsiniz, atam həm də sərrast bıçaq atırmış. Amma tapança atmağı lap dəqiq imiş. Pulu göyə atıb, havada onu dəqiq nişan alardı.

- Atanızın dayısı evində həbsi necə reallaşdı?

- Onu həbs etməyə gələnlər dayımın evini mühasirəyə alırlar. Deyirlər ki, Cəbrayıl, təslim ol. Atam cavab verir ki, siz çoxsunuz, mən tək, çoxdan çox adam qırılacaq, azdan az. Hamınızı bir-bir dənləyəcəm. Milis rəisi atama deyir ki, Cəbrayıl, təslim ol, biz də qulluq adamıyıq. Allaha and içirəm ki, əgər təslim olsan, səni güllələməyəcəyik. Halbuki təslim olmasan, səni güllələməyi əmr ediblər. Buna ixtiyarımız var. Təslim olsan, Allaha and içirəm ki, sənin güllələnməyinin qarşısını alacam. Söz verirəm ki, məhkəməyə qədər sənə bir çırtma da dəyməyəcək. Atam soruşur ki, kişi kimi söz verirsənmi? Milis rəisi cavab verir: "Sən öl, kişi kimi söz verirəm ki, nəyə söz vermişəm, ona da əməl edəcəm". Atam deyir ki, kişi kimi söz verdiyinə görə, təslim oluram. Gətirib tapançanı verir milisə, özü də təslim olur. Bu vaxt milis nəfərlərindən biri atama sillə vurur. Milis rəisi ona irad tutur ki, o, sizə təslim olmadı, kişi sözü verdiyimə görə silahı yerə qoydu. Bu vaxt milis işçilərinin arasında mübahisə yaranır.

- Məhkəmə prosesi necə baş tutur?

- Məhkəməyə sədrlik edən hakim qadının atamdan xoşu gəlir. Soruşur ki, Cəbrayıl, sən bu qədər konvoyun arasından necə qaçdın? Cəbrayıl cavab verir ki, mənə anamın öldüyünü xəbər verdilər. Düşündüm ki, mən anamın ölüsünü görüncə anam mənim ölümümü görsün. Halbuki anası Cəbrayıl 6 aylıq olarkən dünyasını dəyişmişdi. Atam hakimdən xahiş edir ki, məni bir neçə saatlığa evə burax, ailəmlə görüşüm. Hakim gülüb cavab verir ki, səni yer də, göy də axtarır, nə danışırsan?! Atam cavab verir: "Sən qadınsan, mənsə kişi. Sənə kişi kimi söz verirəm". Hakim məsuliyyəti öz üzərinə götürüb onu bir neçə saatlığa evə buraxır. Atam evə gəlib anamla görüşür, ondan düşbərə bişirməsini, həbsxana paltarlarını, əşyalarını hazırlamasını tapşırır. Cəbrayıl vəd verdiyi vaxtda, saatda geri qayıdır. Bunu prokurora xəbər verəndə təəccüblənir. Deyir ki, telefonun dəstəyini verin ona. Atam dəstəyi götürəndə prokurorun səsini eşidir: "Cəbrayıl, indi bildim ki, əsl kişisən. Buna görə də, səni güllələnməyə qoymayacam. Sənin kimi adam güllələnməməlidir". Beləcə, atama uzunmüddətli həbs cəzası kəsirlər. Amma atam 4 il həbsdə yatdıqdan sonra yenidən qaçır. Onu axtarışa verirlər.

"Sibirdən qaçan 13 nəfərdən təkcə Cəbrayıl sağ qalır"

- Ümumiyyətlə, atanız 4 dəfə həbsdən qaçıb. Atanızın növbəti qaçışı Sibirdən olub. Bu barədə nələri deyə bilərsiniz?

- Sibirdən ümumilikdə 13 nəfər qaçmışdı. Aralarında bir qadın da vardı. Amma atam onlarla birlikdə geriyə qayıtmaqdan imtina edir. Deyir ki, gəlin pərakəndə qaçaq ki, tutulanda hamımız ələ keçməyək. Atam bunlardan ayrılır. Amma 12 nəfər uzun müddət birlikdə yol gəlirlər. Aclıq onları elə hala salır ki, bir-birlərini öldürüb yeyirlər. 12 nəfərdən cəmi 1-i sağ qalır. O gəlib öz Vətəninə çatdıqda deyir ki, Cəbrayıl da yolda öldü. Qazamatda həbsini başa vuran şəxslərdən biri, atamla dost olmuş keçmiş məhkum bu xəbəri qohumlarımıza çatdırır. O, bir neçə il sonra anamla evlənmək istəyir. Bu istəyini babama da bildirir. Lakin anam "Cəbrayıl öldüsə, mən də öldüm" – deyə evlilik təklifindən imtina edir. Lakin buna baxmayaraq anama nişan gətirirlər. Təsadüfən həmin ərəfədə atam da gəlib evə çatdıgından nişan məclisi pozulur. Bu hadisə mən dünyaya gəlməmiş, 1927-ci ildə baş vermişdi.

- Eşitdiyimə görə "oblava" olayı da maraqlı məqamları ilə yadda qalıb. Hətta bu olay atanızla milis rəisi arasında uzun müddət davam edən düşmənçiliyin əsası qoyulub...

- 1930-cu ildə şəhərdə (Bakıda-red) "oblava" keçirilir. Milis işçiləri atamı da saxlayıb həmin vaxt indiki "Nizami" metrosunun yanında yerləşən milis idarəsinə gətirirlər. İdarədə atamdan başqa 20-30 şübhəli şəxs də olub. Onların üst-başlarını yoxlayıblar. Qeyd edim ki, Cəbrayıl həmişə boynunda qızıl zəncirdən asılmış balaca Quran gəzdirirmiş. Atamın üst-başını yoxlayan rus milis zabiti Qurana işarə edərək "bu nədir?" - deyə soruşanda atam "Qurandır" – cavabını verib. Lakin milis rəisi ayağa qalxaraq atamın boynundakı qızıl zənciri qırır, "Nə Quran ə? Quran nədir"- deyə müqəddəs kitabı yerə ataraq tapdayır. Atam hirslənir: "Sən necə müsəlmansan ə? Rus rusluğu ilə buna heç nə demədi? Əgər səni çöldə gördükdə öldürməsəm, atama lənət olsun!".

Həmin "oblava" nəticəsində atama 3 il həbs cəzası kəsirlər. Lakin Cəbrayıl yenə həbsxanadan qaçır. Ümumiyyətlə atamın qaçan ayağı yaxşı imiş. Cəbrayıl gecə indiki sirkin yerində yerləşən evimizə gələndə gözlənilmədən milis rəisi ilə üzləşir. Rəis ona "Cəbrayıl, sən qaçmısan?" – deyə sual edəndə atam "sizdən tutmaq, məndən isə qaçmaq" – cavabını verir. Milis rəisi əlini yavaş-yavaş tapanşasına uzadanda atam onu alnından vurub qaçır. İstintaq zamanı bu qənaətə gəlirlər ki, rəisi onu öldürməyi söz verən, üstəlik düz alnından atəş açan sərrast atıcı Cəbrayıl öldürüb. Atamı növbəti dəfə həbs ediblər.

- Deyəsən atanızın oğru aləmindəki "yaradıcılığı" zəngin olub.

- Bir dəfə ermənilərlə, faizli borc verən yəhudilərlə atışmada iştirak edib, bank yarıb.

"Aktyor Yusif Vəliyev bir ay atamın hərəkətlərini izlədi"

- Milis rəisinin qohumlarının Cəbrayılı öldürtdürmək planı haqda deyilənlər doğrudurmu?

- Atamı məhkəməyə aparanda konvoylara sifariş verirlər ki, Cəbrayılın qaçmasına şərait yaradın, qaçanda isə onu gülələyin. Lakin konvoylardan biri bu plan barədə atama xəbər verir deyə, plan baş tutmur. Milis rəisinin qohumları atamı həbsxanada öldürmək qərarına gəlirlər. Bunun üçün iki muzdlu qatil tuturlar. Atam yatab gedəndə məhkum dostları Cəbrayıla bu barədə xəbər verirlər deyə, həmin plan da reallaşmır. Həbsxananın ayaqyolunda qatillərdən biri ilə əlbəyaxa döyüşdə atam qolundan yaralanır. Lakin qatili öldürə bilir. Habelə köməyə gələn ikinci qatili də ağır yaralayır. Atam özünü müdafiə etdiyinə görə onu bu olayda müqəssir saymırlar. Təhqiqat zamanı məlum olur ki, sifarişçi mərhum milis rəisinin qohumları imiş. Bu işə görə bir neçə nəfər həbs olunur.

- Yeri gəlmişkən, atanız milis rəisi ilə yanaşı onun nəvəsini də öldürüb.

- Atam bir zamanlar məhkumluq həyatını yaşadığından o, həbsxanadan çıxandan sonra bizi Salyana sürgün etdilər. Qanuna görə Bakıdan 200-300 km aralıda yaşaya bilərdik. Atam MTS-də qarovulçu işləyirdi ("Arxadan vurulan zərbə" filmində də "Qurd Cəbrayıl" qarovulçu işləyirdi-red). Atamın bir neçə il əvvəl öldürdüyü milis rəisinin qohumu bir gün MTS-i yoxlamağa gəlib. Aralarında yaranmış qarşıdurma zamanı atam onu da ödürüb. Qeyd edim ki, atam tək gəzdiyinə görə ona "Qurd" adı veriblər. Amma bu onun yeganə adı deyildi. Oğru dünyasında onu "Paxan", "Əlibaxış oğlu", "Çyornı" adlandırırdılar. Üst-üstə 70 il azadlıqdan məhrum edilmişdi. 36 il həbsə yatmışdı. 4 dəfə həbsxanadan, bir dəfə məhkəmə zalından qaçmışdı. Barəsində güllələnmə hökmü verilsə də, atam sağ qalmışdı. O dövrün qanuni oğruları kiminsə cibinə girmirdilər. Əksinə, imkanlı adamların mülklərini soyur, oğurlayırdılar. Atam bir dəfə kasıb dostundan ötrü indiki "Nizami" metrosunun yaxınlıgında yerləşən mağazanı yarıb, pulunu dostuna vermişdi. Qəribəsi budur ki, mağazanın "zammağ"ının qardaşı prokuror idi. Mağazanın müdiri nahar fasiləsinə gedən vaxt atam dostuyla ordakı maları oğurlamışdı. Özü də prokurorun gözlərinin qabağında. "Zammağ"ın qardaşı elə bilmişdi ki, qalstuklu, qoltugunda qovluğu olan oğru "reviziya"dır.

- Bir qədər də atanızın həyatından bəhs edən "Arxadan vurulan zərbə" filminin çəkilişi barədə.

- Filmdə atamın obrazını canlandıran aktyor Yusif Vəliyevlə dost idik. Bir gün o mənə dedi ki, belə bir film çəkiləcək.

- Filmin ssenari müəllifi, əsərin müəllifi, yazıçı Elçin Əfəndiyev atanızı tanıyırdı? Onlar arasında hər hansı tanışlıq əlaqələri var idi?

- Xeyr, Elçin Əfəndiyevlə atam heç vaxt ünsiyyətdə olmayıblar.

- Bəs yazıçı əsərdə ""Qurd Cəbrayıl"" obrazını necə canlandırdı?

- Atam haqda məlumatları arxivdən götürüb. Bunlar arxiv materialları əsasənda çəkilib. Yusif Vəliyev mənə dedi ki, filmdə "Qurd Cəbrayıl" obrazını mən canlandıracam. Olarmı 15-20 gün atanın yanında gəzim, onun davranışlarını, hərəkətlərini öyrənim ki, filmdə rol təbii alınsın?! Axı atan 36 il həbsdə yatıb. Atam incəsənəti, musiqini sevən adam idi. Hətta edəki kitabları mənə oxutdurardı. O, sənətə yüksək qiymət verərdi, toyda Xan Şuşinskiyə qızıl üzük də bağışlamışdı.

Yusif Vəliyev bir aya qədər atamın yanında gəzdi, onun danışıqlarını, hərəkətlərini, mimikasını öyrəndi. Atamdan xahiş etdi ki, mənim sənin yanında olmağıma, gəzməyimə fikir vermə. Həmişə necəsənsə elə də ol ki, sənin davranışlarını öyrənə bilim. Yusif Vəliyev atamın oğrularla görüşlərində, danışıqlarında onun yanında olardı. Amma təəssüf ki, "Arxadan vurulan zərbə" filmi efirə çıxanda atam dünyasını dəyişmişdi. Atam filmi görmədi. Amma Yusif Vəliyev obrazı elə təbii yaratmışdı ki, hamı onu görəndə mənə deyirdilər ki, atan odur. Atam kriminal fəaliyyətinə 1963-cü ildə xitam verdi.

Agır həbsxana həyatı keçirən Cəbrayılın dünyasını dəyişdiyi gün 9 may Qələbə gününə təsadüf etdi. O, 1976-cı ildə vəfat etdi.


AzNews.az