Elnarə Tofiqqızının ölümü ilə bağlı Mehdiyevə müraciət edildi

27 Mart 2014 14:15 (UTC+04:00)
Həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə əsas iştirakçı hesab olunan həkim Fərəcullah Sədullah oğlu İdrisovun elmi dərəcə almasının təxirə salınması məqsədilə Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyevə müraciət edilib.

Bu barədə mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov açıqlama verib.

Onun sözlərinə görə, adı cinayət işində əsas iştirakçı kimi çəkilən şəxsin elmi iş müdafiə edərək cinayət işinin gedişində elmi dərəcə alması istintaqa təzyiq kimi dəyərləndirilə bilər:

"Cinayət hadisəsinin əsas iştirakçılarından biri həkim Fərəcullah İdrisov tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün bir qədər əvvəl müdafiə etdiyi "Açıq laporoskapik xolesistektomiya əməliyyatlarının müqayisəli qiymətləndirilməsi" adlı elmi işini Ali Attestasiya Kimissiyasına təqdim edib. Adı cinayət işində əsas iştirakçı kimi çəkilən şəxsin elmi iş müdafiə edərək cinayət işinin gedişində elmi dərəcə almasını istintaqa təzyiq kimi dəyərləndiririk. Eyni zamanda, həmin həkim bu addan müdafiə məqsədilə istifadə edə bilər. Ona görə də biz Komissiyaya müraciət edərək onun bu cəhdlərinin qarşısının alınmasını xahiş etmişik".

S.Vəkilovun fikrincə, F.İdrisovun elmi işinin təsdiq edilməsi Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi başa çatanadək dayandırılmalıdır. Bu, AAK-ın müəyyən etdiyi prosedurlara da uyğundur.

Xatırladaq ki, F.İdrisov adıçəkilən elmi işini akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müdafiə edib. S.Vəkilov F.İdrisovun tələsik elmi işi müdafiə edərək elmi dərəcə almaq cəhdini özünümüdafiə və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib:
"Fərəculla İdrisov bununla özünün haqlı olduğunu təsdiq etmək və məsuliyyətdən yayınmaq istəyir".


AzNews.az