Tovuzun Əlibəyli kəndi atəşə tutuldu, iki yaralı var- Yenilənib

28 Mart 2014 08:17 (UTC+04:00)
Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.

Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Tağıyev Elman ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək Tağıyev Etibarın ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.

Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir.

*** 00.35

Erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar.

Kənd sakinlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.(08.28)

***
Saat 22:30-dan Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində mülkü vətəndaşların əmlakına xeyli ziyan dəyib.

Bu barədə AzNews.az-a Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayev bildirib. O vurğulayıb ki, erməni silahlı qüvvələri bu gecə saat 01:30 radələrinə kimi Əlibəyli kəndini intensiv atəşə tutublar.

Nəticədə Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb. Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyətləri normaldır.

Amid
AzNews.az