Kiyevdə hərəkat liderinin öldürülməsi aranı qarışdırdı – Gərginlik

28 Mart 2014 09:37 (UTC+04:00)
Ukraynada "Pravıy sektor" hərəkatının liderlərindən olan Aleksandr Muzıçkonun (Saşa Bilıy) öldürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirib.

AzNews.az-ın məlumatına görə, Ukrayna Ali Radasının binası qarşısında "Pravıy sektor" tərəfdarlarının ötən gündən başladığı aksiya indi də davam etdirilir. Səhər saatlarından başlanan aksiyada daxili işlər naziri Arsen Avakovun istefası ciddi şəkildə tələb edilir.

"Pravıy sektor" hesab edir ki, Saşa Bilıyın ölümü milis tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat olub.

Hərəkatın fəallarından olan Andrey Bondarenko isə yerli mediaya açıqlmasında bildirib ki, xüsusi təyinatlı milis dəstəsi olan "Sokol" martın 23-də Saşa Bilıyin saxlanması ilə məqsədilə əməliyyat keçirib: "Saşa Bilıy saxlanılıb, sonra isə o ölmüş vəziyyətdə küçədə tapılıb".

A.Avakov isə bununla bağlı keçirdiyi brifinqdə ittihamlarla razılaşmadığını deyib.

Xatırladaq ki, martın 23-də Ukraynanın Rovna vilayətinin Barmaki kəndində Saşa Bilıy kimi tanınan "Pravıy sektor" hərəkatının liderlərindən olan Aleksandır Muzıçko qətlə yetirilib.






Əhməd
AzNews.az