10 məhbus xəstəliyinə görə azadlığa buraxılıb

28 Mart 2014 13:39 (UTC+04:00)
Azərbaycanın penitensiar müəssisələrdə ən çox yayılmış xəstəliklərin adları açıqlanıb. Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev penitensiar müəssisələrdə ən çox yayılmış xəstəliklərin adlarını açıqlayıb.

İdarə rəisinin sözlərinə görə, cəzaçəkmə müəssisələri də cəmiyyətin bir hissəsidir və cəmiyyətdə hansı xəstəliklər daha çox müşahidə olunursa, cəzaçəkmə müəssisələrində də həmin xəstəliklərə daha çox rast gəlinir: "Bunlar ürək-damar sistemi və onkoloji xəstəliklərdır. Yoluxucu xəstəliklər də mövcuddur. Bu sırada vərəmə və HİV-ə yoluxmuş xəstələr də var. Onların hər birinə qarşı cəzaçəkmə müəssisələrində adekvat tibbi tədbirlər görülür".

R.Mehdiyev qeyd edib ki, onların müalicəsi üçün tam şərait mövcuddur və bu şərait getdikcə təkmilləşir. Buna nümunə kimi yeni tikilən cəzaçəkmə müəssisələrini və tətbiq olunan yeni müalicə metodlarını, o cümlədən əldə edilmiş uğurlu nəticələri göstərmək olar.O, həmçinin bildirib ki, 2013-cü ildə 10 məhbus xəstəliyinə görə azadlığa buraxılıb.

İdarə rəisi cəzaçəkmə müəssisələrində ölüm hallarının ilbəil azaldığını da vurğulayıb.

AzNews.az