Əksər ailələrin uşaqları məktəbə gedə bilməyəcək - ARAŞDIRMA

28 Avqust 2012 18:05 (UTC+04:00)


Yeni dərs ilinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda ailələrin əsas problemləri sırasında məktəb xərcləri xüsusi yer tutur. AzNews.az bunu nəzərə alaraq, məktəbli bazarlarındakı vəziyyəti araşdırıb. Məlum olub ki, bir uşağın məktəbə yola salınması üçün orta hesabla 250 manat tələb olunur.

Məktəbli formasının qiyməti ölçüsündən asılı olaraq dəyişir. I-VI siniflər üçün köynək, jilet, pencək, şalvar və ya ətəyin daxil olduğu geyim dəstinin qiyməti 40-45, VII-XI sinif şagirdləri üçün 53-55 manatdır. Bura dəyişik üçün nəzərdə tutulan daha bir köynək əlavə etsək, dəst 5 manat bahalaşar. Ayaqqabıların qiyməti keyfiyyətindən asılı olaraq 10 manatdan başlayan qiymətlərlə satılır. Təbii ki, Çin istehsalı olan ayaqqabıları daha ucuz qiymətə almaq mümkün olduğu kimi, keyfiyyətinə görə seçilən ayaqqabı almaq üçün ən azı 20 manat tələb olunur. Məktəb çantaları isə həm qiymətinə, həm də keyfiyyətinə görə bir-birindən kəskin fərqlənir. 15 manatdan ucuz qiymətə alınacaq çantaların dözümsüzlüyünü nəzərə alan valideynlər, nisbətən davamlı və qiyməti münasib olan çantalara üstünlük verir. Bu zaman isə 15- 20 manat xərcləmək lazım gəlir. Xatırladaq ki, çantaların ağırlığı səbəbindən azyaşlı uşaqlarda bel və onurğa sütununda problemlərin yaranmaması üçün son zamanlar təkərli çantalardan istifadəyə üstünlük verilir. Bu çantalar məktəb bazarlarında ən azı 30 manatdan başlayan qiymətlərlə satışa çıxarılır. Lakin istehsal olunduğu ölkədən asılı olaraq bu qiymət 50 - 100 manat arasında da ola bilər.

Dərsliklər şagirdlərə pulsuz verilsə də, əlavə dərs vəsaitlərinin alınması üçün xeyli vəsait tələb olunur. Məktəblərdə əlavə vəsait kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mütəxəssislərinin hazırladığı fənlər üzrə test kitabçalarından istifadə olunur. TQDK-nın tövsiyəsinə əsasən hər bir fənn üçün test kitabçalarının pərakəndə satış qiyməti 3 manatdan artıq olmamalıdır. Nəzərə alsaq ki, məktəblərdə Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, Biologiya, Xarici dil, Qədim dünya tarixi və s. kimi fənlərdən test kitabçaları tələb olunur, bu zaman həmin vəsaitin alınmasına ən azı 30 manat lazımdır. Bununla yanaşı lisey və gimnaziyalarda xüsusilə, Riyaziyyat fənnindən ayrı-ayrı müəlliflərin test və çalışma kitabları tələb edilir. burada da qiymət hər kitab üçün ayrılıqda 3-4 manatdır.

Bu ildən I və V siniflərdə iş dəftərlərinin dərslik komplektinin tərkib hissəsi kimi qəbul edilməməsi isə valideynlər üçün xoş xəbərdir. Qeyd edək ki, Təhsil Nazirliyi dərs yükünün ağırlığı, əlavə xərc kimi məsələləri nəzərə alaraq, dərslik komplektinə daxil olan iş dəftərlərinin alınması və istifadəsinin məcburi olmaması ilə bağlı qərar qəbul edib. Amma bu o demək deyil ki, özəl nəşriyyatlar həmin siniflər üçün iş dəftərləri nəşr edib satışa çıxarmayacaqlar. Müəllimlər də məcburi olmasa, belə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə iş dəftərlərinin alınmasını tələb edə bilər. Bu isə valideynlərin əlavə olaraq 30 manata yaxın xərcə düşməsi deməkdir.

Şagirdin məktəbə yola salınması üçün "iş" təkcə bunla bitmir. "Məktəbli kitabçası", dəftərlər, rəsm ləvazimatı, qovluq, idman dəsti və idman ayaqqabısı, milli kurrikulumun tətbiqi ilə əlaqədar əyani vəsaitlərin tələb olunduğunu də hesablasaq, tələb olunan məbləğ daha 40 manata yaxın artar. Bir evdən məktəbə 2 və daha artıq uşağın yola salınması isə əlbəttə ki, orta statistik azərbaycanlı üçün ciddi maliyə problemi yarada bilər.

Məlumat üçün bildirək ki, bu il orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılıb. "Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında" qanuna əsasən isə Azərbaycanda yaşayış minimumu adambaşına 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün isə 102 manatdan 116 manata qaldırılıb.
Bu məbləğin isə neçə uşağa yetdiyini hesablamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur...

E.Əlosmanqızı
AzNews.az