Putin və Obama arasında telefon danışığı olub

29 Mart 2014 08:06 (UTC+04:00)
Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

"Putin Obamanın diqqətini Kiyevdə və Ukraynanın müxtəlif bölgələrində ekstremistlərin dinc sakinlərə, hökumət strukturlarına, hüquq-mühafizə orqanlarına qarşı təhdidlərinə çəkib. Bu çərçivədə Putin vəziyyətin sabitləşməsi yolunda beynəlxalq ictimaiyyətin mümkün əməkdaşlığının nəzərdən keçirilməsini təklif edib", - məlumatda deyilir.

ABŞ Prezidenti Barak Obama isə Rusiyalı həmkarı Vladiimr Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb.

ABŞ dövlət başçısı Qərbin Moskvanın Ukraynanın şərq hissəsini mümkün işğalından narahat olduğunu ifadə edib.

Barak Obama, həmçinin, Ukrayna hökumətinin böhranın yumşalması, konstitusiya islahatları və demokratik seçkilər istiqamətində çalışdığını bildirərək, Moskvanı bu prosesi dəstəkləməyə, təxribatlardan boyun qaçırmağa çağırıb.

Yekunda prezidentlər bundan sonra görüləcək işlərin Rusiya və ABŞ xarici işlər idarələrinin rəhbərləri tərəfindən müzakirə edilməsi barədə razılığa gəliblər.

AzNews.az