Müdafiə Sənayesi Nazirliyi işçisinin ailəsindən intihar anonsu

31 Mart 2014 12:19 (UTC+04:00)
Xətai rayonu, General Şıxlinski küçəsi, ev 59, mənzil 3-də yaşayan Sultan İsrafil qızı Həsənova övladları ilə birgə intihar etmək qərarına gəlib.

S.Həsənova bunu virtualaz.org-a ünvanladığı müraciətində bildirib.

Şikayətçi deyir ki, əlil həyat yoldaşı və övladları ilə birgə intihara qərar veriblər: "Həyat yoldaşım Firdovsi Alırza oğlu Həsənov 1981-ci ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Elektron Hüsablayıcı Maşınlar Zavodunda işləyir. 1986-cı ildə zavod rəhbərliyi tərəfindən 3 saylı üçotaqlı mənzil həmin zavodda işləyən və mənzilə ehtiyacı olan gənc mütəxəssislərə verildi. Bizim ailənin 3 üzvü 12 kvadratmetrlik bir otaqda, digər ailələr isə o biri otaqlarda yerləşdilər. İllərdir eyni mətbəxdən, hamam və ayaqyolundan istifadə edirik. 1991-ci ildə otaq qonşularımdan biri - Eldəniz Məmmədov yaşadığı otağın qapısını bağlayaraq yeni aldığı mənzilinə köçdü. Eldəniz zavoddakı vəzifəsində cəmi 5 il çalışıb. Digər qonşum Şamil Şükürov da zavodda cəmi 6-7 il işləyib. Hazırda ticarətlə məşğuldur".

Həyat yoldaşının 1981-ci ildən indiyədək həmin zavodda çalışdığını deyən Sultan Həsənova boşaldılmış digər otağın onlara verilməsini istəyir: "Həyat yoldaşım epilepsiya xəstəsidir. İllərdir 200 manat maaşlı işdə yalnız mənzil üçün çalışır. Buna baxmayaraq boşaldılmış otaq zavodda çalışmayan Şamil Şükürova verildi. Onun qızı Xətai rayonu, Mühmandarov 92, mənzil 88-də yaşasa da iki azyaşlı övladını bu mənzilə qeydiyyata salıb. Otağın Şamil Şükürova verilməsində 96 saylı MİS-in böyük "əməyi" olub".

Mənzildəki şəraitsizliyə görə bir övladını itirən ana ölkə başçısından kömək gözləyir: "İndi hamam, ayaqyolu və mətbəxt otaq qonşumuz tərəfindən mənimsənilib. Bizim zavoda etdiyimiz müraciətlərə baxmırlar. Çünki Xətai Rayon Məhkəməsi otağın Eldəniz Məmmədovdan alınaraq Şükürova verilməsinə dair qərar çıxarıb. Zavodun həmkarlar təşkilatı da otağın bizə verilməli olduğunu təsdiqləyir, amma görünür, pul daha güclüdür".

S.Həsənova qeyd edir ki, mənzil şəraiti olmadığından bir övladını vaxtsız itirib, digərlərinin taleyi isə tükdən asılıdır: "Mən illərimi bir otaqda, şəraitsiz yola verdim. Bəs övladlarımın taleyi necə olsun? 200 manatla ev almaq, övlad toyu etmək mümkün deyil. Buna görə də yalnız ölkə başçısından kömək gözləyirəm, bizim pozulmuş hüquqlarımızı bərpa etsinlər. Əks halda intihardan başqa çıxış yolumuz qalmayıb".

Səslənən bu iddia ilə bağlı Müdafiə Sənayesi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AzNews.az