Dağıstanda matəm - Video

29 Avqust 2012 08:27 (UTC+04:00)


Dağıstanda din xadiminin qətli ilə nəticələnən terror aktı törədilib. Aznews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, terrorçu kamikadzenin öznü partlatması nəticəsində, tanınmış din xadimi şeyx Səid-Əfəndi Çirkeyski və onun yanında olan daha 6 nəfər qətlə yetirilib. Məlumata görə, terror aktı şeyxin mənzilində törədilib.

Terrorçu kamikadze dindar qiyafəsində onun evinə gəlib və özünü partladıb. Verilən digər məlumata görə, daha 10 nəfər partlayış nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və onlar dərhal xəstəxanaya yerləşdirilib. Yerli polis terrorçu kamikadzenin şəxsiyyətini müəyyənləşdirə bilib. Məlum olub ki, kamikadze Maxaçkala sakini, yerli cinayətkar qruplaşma rəhbərinin həyat yoldaşı, Aminat Saprıkinadır.

Qeyd edək ki, 75 yaşlı şeyx Səid-Əfəndi Dağıstanda çox hörmətli din xadimi olub və indiyə qədər onun barəsində heç bir dini və ya dövlət qurumu tənqidi fikir səsləndirməyib. Nəzərinizə çatdıraq ki, faktla bağlı "bir və ya bir neçə şəxsin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb və istintaq gedir.



Sadiq
AzNews.az