Əvəz Zeynallı Ombudsmana yazdı

29 Avqust 2012 09:30 (UTC+04:00)
Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əvəz Zeynallı ombudsman Elmira Süleymanovaya müraciət edib. "Media forum" saytının məlumatına görə, o qeyd edir ki, Bakı İstintaq Təcridxanasında saxlanma şəraiti nisbətən yaxşı olsa da, siyasi və mətbu hüquqlar yox kimidir: "Nisbətən yaxşılaşdırılmış şəraitin arxasında ciddi rüşvət mexanizmi yaradılıb ki, həmin mexanizm insanın bütün hüquqlarını çeynəməklə məşğuldur.

Təqsirləndirilən şəxslərin ailəvi görüşləri əngəllənir, hər hansı məktublaşmalar məhdudlaşdırılır, şikayət ərizələri ünvanlarına çatdırılmır. Şəxsən mənim bir siyasi məhbus kimi hüquqlarım tapdanır. Şikayətlərim əlaqədar orqanlara çatdırılmır. Rəislə görüşə bilmirəm".

Təcridxanada çox ciddi nəzarətdə saxlandığını vurğulayan jurnalist deyir ki, onu beynəlxalq təşkilatlardan, Ombusman Aparatının əməkdaşlarından gizlədir, görüşmək imkanı vermirlər: "Təcridxanadan şikayət məktubları, demək olar, getmir, ya da o qədər gec göndərilir ki, bəzən heç effekti olmur. Məsələn, təcili göndərilməli olan vəsatətlər məhkəmə iclasları keçiriləndən sonra gedib çatır. Xüsusilə ədliyyə naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan məktublar bir qayda olaraq yetişmir".

Jurnalist Elmira Süleymanovadan ona baş çəkməsini xahiş edir: "Sizinlə elementar hüquqlarımın pozulmasına görə görüşmək, müzakirə aparmaq istəyirəm". Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də rüşvət alma ittihamı ilə tutulub.

AzNews.az