Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə

1 Aprel 2014 14:59 (UTC+04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edir.

Komissiyadan verilən məlumata görə, 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) keçirilir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 28-i isə məhkəmə orqanlarının aparatındadır.

Mərkəzi icra hakimiyyəti orqanlarından - Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılıb. Qeyd edilən 2 dövlət orqanındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95%-ni təşkil edir.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri, Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə bilikləri yoxlanılacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar aprelin 30-dək müraciət etməlidirlər.

AzNews.az