Alim Qasımov Polşada konsert verəcək

29 Avqust 2012 12:31 (UTC+04:00)
Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov Polşaya səfərə hazırlaşır. Üzərində hazırlıq işləri, məşq prosesləri aparılan səfər sentyabr ayının ortalarında reallaşacaq. Bu məlumatı AzNews.az-a sənətkarın özü deyib.

Xanəndə deyib ki, Polşa səfəri bir həftə davam edəcək: "Bu səfər onların dəvəti əsasında baş tutub. Bir həftə davam edəcək səfər çərçivəsində bir neçə konsert proqramı ilə çıxış edəcəyik. Proqrama bir dəsgah, 4-5 xalq mahnısı və təsniflər salınıb.

Konsertin əsas hissəsini Əməkdar artist Fərqanə Qasımova ilə olan duetlərimiz təşkil edəcək. Bu duetlərin yazılmasında ayrı-ayrı qəzəlxanların, klassiklərin yaradıcılığından bəhrələndik. Hazırda Şamaxıda konsertin məşq prosesindəyik". A.Qasımov onu da bildirdi ki, Polşa səfərinə Fərqanə Qasımova ilə yanaşı daha 3 musiqiçi gedəcək - tar, nağara və balaban.

Bahar
AzNews.az