Saxta sənəd düzəltməkdə ittiham olunan müdir DANIŞDI

7 Aprel 2014 09:54 (UTC+04:00)
Bakı şəhəri Təcili Tibbi Yardımın 19 saylı stansiyasının müdiri Arzu Qurbanova ilə bağlı yayılan xəbər qalmaqala səbəb olub. Belə ki, Səhiyyə Nazirliyinin facebook səhifəsində yayılan məlumata görə, həmin şəxs 2005-ci ildə 4 saylı köməkçi stansiyadan "saxta sənəd düzəltmə" ittihamı ilə işdən azad olunub. Bir ilə yaxın işsiz qalıb və hazırda Bakı Səhiyyə İdarəsində işləyən Nağıyev Rauf Həsən oğlunun yaxından köməyi sayəsində 19 saylı Təcili Tibbi Yardım stansiyasına müdir vəzifəsinə keçirilib. Bu məlumatdan sonra nazirə sual ünvanlanıb: "Belə bir şəxs bir quruma necə rəhbərlik edə bilər?"

AzNews.az-ın əməkdaşı "saxta sənəd düzəltmə"də ittiham olunan Təcili Tibbi Yardımın 19 saylı stansiyasının müdiri Qurbanova Arzu Müslüm qızı ilə əlaqə saxlayıb. O, barəsində yayılan məlumatın şayiə olduğunu deyib: "Mənim əmək kitabçamda iş fəaliyyətimlə bağlı məlumat var. Hər kəsi bununla tanış edə bilərəm. Kitabçada işdən kənarlaşdırılıb və sonradan işə qayıtma məsələsi olmayıb. Təkcə 2006-cı ildə analıq məzuniyyətinə çıxmışam və bu məsələ də turdavoyumda yer alıb. Bu məlumat tam yalandır". A.Qurbanova məlumatı kimlər tərəfindən yayıldığını bildiyini deyib: "Hər yerdə insanı istəyən də var, istəməyən də. Mən ad çəkib onların səviyyəsinə düşmək istəmirəm. Qabağa getməyimi kiminsə də gözü götürmürsə, bu mənim günahım deyil".
Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov da məsələyə reaksiya verib. O, AzNews.az-a bildirib ki, işində göstərdiyi nümunəvi xidmətinə görə Arzu Qurbanovanı 19-saylı stansiyasının müdiri vəzifəsinə təyin edib: "Xanım haqqında bu məlumatı yayanlar iyrənc və demaqoq adamlardır. Bu məlumatı yayan şəxs də bizim işçimizdir. Amma demokratiyadır və hər kəsin söz demək hüququ var. O da bu hüquqlarından istifadə edib, davamlı olaraq onun haqqında yazır və xanım həkimlə bu adamın ədavəti tələbəlik illərindən olub. A.Qurbanova həkim kimi, insan kimi çox ləyaqətli bir insandır. Belə bir həkim haqqında söz demək şəxsən baş həkim kimi də mənim dilimə gələ bilməz".

Amid
AzNews.az